1 mart 2011 16:54
Millimiz Bolqarıstandan 8 medalla qayıdır
25-27 fevral 2011-ci il tarixdə Bolqarıstanın Burqas şəhərində keçirilən güləş üzrə 49-cu “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, böyük məşqçi Arif Abdullayev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamız 8 medal – 2 qızıl, 1 gümüş və 5 bürünc qazanıb.
Pəhləvanlarımızdan Namiq Sövdümzadə (55 kq) və Aqil Quliyev (74 kq) bütün rəqiblərindən üstün olub, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Namiq Sövdümzadə finalda Vladislav Petrovu, Aqil Quliyev isə, Kirill Terziyevi məğlub edib. Həmçinin, Aqil Quliyev sərbəst güləş yarışlarında turnirin ən yaxşı güləşçisi seçilib. Xaybulla Şaalov (60 kq) yalnız finalda büdrəyərək, turniri ikinci yerdə tamamlayıb və gümüş medal qazanıb. Komandamıza bürünc medalları isə, Yaşar Əliyev (55 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) qazandırıb.
Görüşlərin idarə edilməsində Vüqar Şükürov hakim kimi iştirak edib.
