15 oktyabr 2010 00:03
Azərbaycan irəliyə yalnız Rusiyanı buraxdı
Xasavyurtda sərbəst güləş üzrə "Qitələrarası Kubok" (Intercontinental Cup) beynəlxalq turniri keçirilir. Azerisport.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəmizin yığma komandası da iştirak edir.
Azərbaycan Ukrayna, Türkiyə, Bolqarıstan və Dağıstan komandaları ilə bir qrupda mübarizə aparır. İlk olaraq Ukrayna pəhləvanları ilə qarşılaşan yığmamız 5-2, Türkiyə güləşçiləri ilə görüşdən isə 6-1 hesablı hesablı qələbə qazanıb. Türkiyənin qazandığı bir xal isə 120 kq-da mübarizə aparan Əli İsayevin zədələnməsi sayəsində baş tutub. İlk hissəni qələbə ilə tamamlayan güləşçimiz, ikinci hissədə burnunun sınması ilə mübarizəni davam etdirə bilməyib.
Komandamızın növbəti qarşılaşması isə Bolqarıstan güləşçiləri ilə olub. 120 kq çəki dərəcəsində iştirakçının olmaması komandamızı azlıqda buraxacağından AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov dərhal hər bir idmançının bir çəki yuxarı güləşməsi barədə göstəriş verib. Komanda yarışı olan "Qitələrarası Kubok" beynəlxalq turnirində Bolqarıstanla görüşdə yığmanın bütün üzvləri birlik nümayiş etdirib, hər biri öz çəkilərindən yuxarı çəkidə çıxış etməsinə baxmayaraq böyük şücaət, əzmkarlıq göstərərək qəhrəmancasına mübarizə aparıb və 4-3 hesabı ilə qalib gəliblər. Hər zaman 66 kq çəkidə mübarizə aparan Emin Əzizovun 74 kq-da güləşərək bolqarıstanlı olimpiya mükafatçısı Kiril Terziyev üzərində inamlı qələbəsini isə xüsusi qeyd etmək lazımdır.
Güləşçilərimizin bir çəki yuxarıda güləşərək komanda ruhu sərgiləməsi arenaya toplaşan azarkeşlər və digər komanda heyətləri tərəfindən də alqışlarla qarşılanıb.
Qrup mərhələsinin sonuncu qarşılaşmasında komandamız Dağıstana (1:6), üçüncü yer uğrunda isə ÇSKA komandasına məğlub oldu (2:5). Nəticədə yığmamız Gürcüstan, Koreya, Ukrayna, Türkiyə, Bolqarıstan, ABŞ və Belarusiyanın qabağlayaraq, dördüncü yerə sahib oldu.
Finalda Rusiya və Dağıstan komandaları qarşılaşacaq.
Xatırladaq ki, heyətdə Mahmud Məhəmmədov (55 kq), Xaybulla Şaalov (60 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov (hər ikisi 66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) yer alıb.
