27 sentyabr 2010 19:07
Namiq ƏLİYEV: Hər bir güləşçi İstanbulda London Olimpiadasına lisenziyanı təmin etməlidir
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Moskvada keçirilən dünya çempionatından sonra yığma komandalarda gözlənilən dəyişikliklər barədə açıqlama verib. Azerisport.az xəbər verir ki, N.Əliyev heyətlə əlaqədar öz fikrini bildirib.
"Dünya çempionatı artıq başa çatıb. Azərbaycan yığma komandasından yüksək nəticələr gözləyirdik və bilirdik ki, Moskvada çətin olacaq. Çünki əsas rəqiblərimizdən olan Rusiya yığması çox ciddi hazırlaşmışdı. Ümumi götürsək, komandalarımız üçün uğurlu hesab etmək olar. Nəzər yetirsək görərik ki, xüsusilə yunan-Roma güləşində bizim komandanın heyətində gənclər üstünlük təşkil edirdi. Bizim yığmamız komandalar arasında ən gənc komanda idi. Veteran güləşçimiz Vitali Rəhimov yeni çəkidə - 66 kq çəki dərəcəsində çıxış edirdi. Bu vaxta qədər Vitali Rəhimovun nailiyyətiləri 60 kq-da olmuşdu. Bizim üçün sevindirici hal oldu ki, 66 kq-da ilk dəfə ciddi sınaqda çıxış etməsinə baxmayaraq Vitali Rəhimov bürünc medal qazana bildi. İnanırıq ki, gələcək yarışlarda daha yüksək nailiyyətlər əldə edəcək”.
“Baş məşqçinin olmaması nəticəyə öz təsirini göstərdi”
“Qadın güləşçilərə gəlincə, qadın güləşi üzrə yığmamız ötən dünya çempionatında daha uğurlu çıxış etmişdi. Bu il yığmamızın əsas üzvlərindən Mariya Stadnik müəyyən səbəblərdən ümumiyyətlə iştirak etmirdi, Yuliya Ratkeviç başqa çəkidə çıxış edirdi. Ona görə də qadın yığmamızın çıxışı qənaətbəxş olmadı. Müəyyən idmançılara, xüsusilə Sona Əhmədli və digərlərinə ümidlərimiz vardı. Ancaq onlar bacarıqlarından aşağı səviyyədə çıxış etdilər. Hesab edirik ki, Olimpiya çəkilərində, xüsusilə 63 və 72 kq-da qadın yığmamızı yeni, gənc kadrlarla qüvvətləndirək. Çünki Olimpiya Oyunlarına kimi Azərbaycan bu çəkilərdə öz sözünü deməlidir. Bildiyiniz kimi, bu gün qadınlardan ibarət yığma komandamızın baş məşqçisi yoxdur. Dünya çempionatı zamanı komandaya böyük məşqçi Kurban Kurbanov başçılıq edirdi, bunun da nəticəyə öz təsiri oldu. Düşünürük ki, qısa müddətdə bu problem də özünün həllini tapacaq”.
“Xetaq Qazyumov öz sözünü dedi, Cəbrayıl Həsənov zəif çıxış etdi”
“Sərbəst güləş üzrə yığmamız, düzdür, uğurlu çıxış etdilər, ancaq hesab edirik ki, ən çox problemlər də burdadır. Nəhayət ki, bizim komandanın lideri və kapitanı Xetaq Qazyumov öz sözünü dedi və özünün ənənəvi rəqibi ilə qarşılaşdığı final görüşündə üstün oldu. Bütün dünya bu final qarşılaşmasından danışırdı. Moskvada keçirilən dünya çempionatının ən gözəl görüşlərindən biri idi. Xetaq Qazyumov son nəticədə sübut etdi ki, o doğrudan da I yerə layiqdir. Hesab edirəm ki, bacarığına, gücünə və güləşdə olan mövqeyinə görə Xetaq Qazyumov kimi bir idmançı üçün Danimarkada keçirilən dünya çempionatında, Pekidə keçirilən Olimpiya Oyunlarında qazanılan nailiyyət uğursuz olub. Bütün bu uğursuzluqlara Moskvada son qoyuldu və Xetaq Qazyumov çempion oldu. Biz əlbəttə, digər idmançılarımızdan da başqa nailiyyətlər gözləyirdik. Konkret olaraq Cəbrayıl Həsənovdan yüksək nəticə gözləyirdik. Cəbrayıl Həsənov qızıl medala layiq idmançıdır. Düzdür, o üçüncü yerə çıxdı, ancaq hesab edirəm ki, bu komandamız üçün uğursuz nəticədir. Əfsuslar olsun ki, müəyyən səhvlər ucbatından bürünc medalla kifayətləndi”.
“Toğrul Əsgərov dünya çempionatının kəşfi oldu”
“Sərbəst güləşdə 55 kq çəki dərəcəsində çıxış edən Toğrul Əsgərovu xüsusi qeyd etmək istəyirəm. Toğrul bu dünya çempionatının kəşfi oldu. 18 yaşı hələ tam olmasa da böyük şücaət və bacarıq nümayiş etdirdi. Finalda rəqibinə yalnız təcrübəsi çatmadığına görə məğlub oldu. Həsən Əliyev və Zəlimxan Hüseynov da yaxşı güləşdilər. Düzdür, müəyyən səhvlər vardı, hesab edirəm ki, məşqçi heyəti çalışacaq və o səhvlər gələcəkdə təkrarlanmayacaq”.
“74, 84 və 120 kq çəki dərəcələrində yeni idmançılar cəlb ediləcək”
“74, 84 və 120 kq çəki dərəcələrində xüsusi dayanmaq istəyirəm. Bildiyiniz kimi, bu çəkilərdə bizi çox təcrübəli idmançılar – Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayev təmsil edirdi. Dünya çempionatından öncə xüsusilə 84 kq çəkidə çox gərgin seçim qarşısında qalmışdıq. Sonda Federasiya rəhbərliyi və məşqçi heyətinin qərarı ilə Novruz Temrezova üstünlük verildi. Ancaq təəssüf ki, Novruz Temrezov bu çempionatda ümidləri doğrultmadı. Hesab edirdik ki, 74 kq çəkidə Çamsulvara Çamsulvarayev də Xetaq Qazyumov kimi öz sözünü deməliydi. Ötən il dünya çempionatında o da Xetaq kimi gümüş medal qazanmışdı. Təəssüf ki, bu il həm Avropa çempionatında, həm ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsində, eləcə də dünya çempionatında çox zəif çıxış etdi. Əlbəttə, Olimpiada öncəsi bu, bizi düşündürməyə bilməz. Federasiya rəhbərliyi tərəfindən bu sahəyə cavabdeh şəxslərə, xüsusilə vitse-prezident Maqomed Aliomarova tapşırıq verilib. 74 kq çəki dərəcəsində başqa idmançılar heyətə cəlb olunmalı, sınaqdan keçirilməlidir. Hesab edirəm ki, qısa vaxtda bu məsələyə də aydınlıq gələcək və artıq bir neçə yeni idmançı ilə danışıqlar gedir. 120 kq çəki dərəcəsi də bizim üçün vacib çəkidir. Əli İsayev dünya çempionatında bacarığından çox aşağı çıxış etdi. Xüsusilə, bürünc medal uğrunda yunan güləşçi ilə iradəsiz güləşməsi və anlaşılmaz məğlubiyyəti bizi və bütün məşqçi heyətini məyus etdi. Bu çəki dərəcəsi barədə də düşünürük, artıq 3-ə yaxın idmançı ilə danışıqlar gedir. Bununla bağlı olaraq da, Federasiya prezidenti cənab Fazil Məmmədov tərəfindən M.Aliomarova xüsusi tapşırıq verilib və bu çəki dərəcəsində ciddi dönüş yaranmalıdır”.
“Dünya çempionatında özünü göstərə bilməyənlərə bir daha şans veriləcək”
“Oktyabrın 15-də Dağıstanın Xasavyurt şəhərində “Superkpontinental Kubok” yarışları keçiriləcək. Dünyanın ən güclü komandaları – Rusiya, İran, Gürcüstan, Türkiyə, Azərbaycan və digər komandalar iştirak edəcək. Bu turnir bu il üçün güləş mövsümünün son mötəbər beynəlxalq turniri olacaq. Hesab edirik ki, dünya çempionatında özünü göstərə bilməyən idmançılara bu yarışda bir daha şans veriləcək. Adları sadalanan idmançılar bu turnirdə də özlərini doğrultmasalar onlar haqqında çox ciddi addımlar atılacaq. Hesab edirik ki, bu çəkilərdə yeni idmançılar oktyabr və noyabr aylarında artıq yığma komandanın məşqlərinə qatılacaqlar. Dekabrda ənənəvi keçiriləcək “Azərbaycan Kuboku” yarışlarında bütün idmançılar öz bacarıqlarını nümayiş etdirəcək və yığmanın növbəti il üçün heyəti formalaşacaq”.
“Hər bir idmançı İstanbulda London Olimpiadasına lisenziyanı təmin etməlidir”
“Bu gün Azərbaycan güləşi tamam başqa səviyyədədir, başqa bir inkişaf mərhələsindədir. Hər hansı bir idmançının bu inkişaf və diqqət müqabilində layiqincə Azərbaycan güləşini təmsil etməməsi və zəif nəticə göstərməsi yolverilməzdir. Azərbaycan Kuboku yarışlarında güləşin hər üç növü üzrə bütün çəkilərdə yeni adlar, yeni simalar görəcəyik.Bilirsiniz ki, gələn il İstanbulda keçiriləcək dünya çempionatı Olimpiadaya lisenziya xarakterlidir, 1-6-cı yerləri tutan idmançılar Londona birbaşa vəsiqə qazanacaq. Bizim də birmənalı olaraq fikrimiz, məqsədimiz odur ki, bütün idmançılar orda lisenziya qazanmalıdır. Bunun üçün də komandada dəyişikliklər olacaq. Komandada öz yerini tutmaq istəyən idmançı öz bacarığını və gücünü gərək əsirgəməsin. Komandada artıq hər bir çəkidə ciddi rəqabət var, hər bir idmançı bunu başa düşməlidir və şüurlu olacaq hazırlaşmalıdır”.
“Bəzi güləşçilərimiz FİLA tərəfindən mükafatlandırılacaq”
“Oktyabr ayında FİLA prezidenti Rafael Martinettinin Bakıya səfəri planlaşdırılır. 2009-2010-cu illər üzrə bir neçə idmançımız ilin ən yaxşı idmançısı seçilib. Səfərdə zamanı həmin idmançıların mükafatlandırma mərasimi keçiriləcək”.
