Liderin yeri görünəndə...
Bakıda keçirilən güləş üzrə Avropa çempionatında qadınların mübarizəsinə yekun vuruldu. Yarışların dördüncü günündə Azərbaycan ilk dəfə günü medalsız qapadı.
Azerisport.az xəbər verir ki, medala yeganə yaxın olan təmsilçimiz Olesya Zamula (63 kq) heç olmasa, “bürünc” əldə edə biləcəyinə çoxları inanırdı. Amma Olesya əvvəlcə yarışın gələcək Lyubov Volosovaya, təsəlliverici görüşlərdə isə Yuliya Ostapçuka məğlub olub hər kəsi məyus etdi.
Həm Zamula, həm də Katerina Dombrovska (55 kq) yalnız onunla təsəlli tapa bilərlər ki, məhz gələcək çempionlara uduzub mübarizəni dayandırdılar. Lakin heç kəs bürünc medal uğrunda görüşlərdə məğlub olmağa haqq qazandıra bilməz. Yarış Bakıda keçirilirdi, buna görə də azarkeşlərin dəstəyi təmin olunmuşdu. Xanımlarımız isə öz vəzifələrinin öhdəsindən gələ bilmədilər.
İlk mərhələlərdəcə məğlub olun yığmanın heyətində ən zəif nəticələrə imza atan Patimat Baqomedova (48 kq) və Dina İvanova (72 kq) haqqında isə heç danışmağa dəyməz. Məhz qadın yarışlarının ikinci günündə komandamızın lideri – Mariya Stadnikin yeri göründü. O olsaydı, nə Larisa Oorjak, nə də Mariyanın qohumu, Britaniyanı təmsil edən Yana Stadnik “at oynada” bilməzdilər.
48 kq. 1. Larisa Oorjak (Rusiya), 2. Yana Stadnik (Böyük Britaniya), 3. Melani Lesafre (Fransa), Nina Matkovska (Polşa)
55 kq. 1. Anastasiya Qriqoryeva (Latviya), 2. Natalya Qolts (Rusiya), 3. Aqate Pyetrjik (Polşa), Ana Mariya Paval (Rumıniya)
63 kq. 1. Lyubov Volosova (Rusiya), 2. Odri Laren Prieto-Boxaşvili (Fransa), 3. Yuliya Ostapçuk (Ukrayna), Elina Lübçeva Vaseva (Bolqarıstan)
72 kq. 1. Zlateva Stanka (Slovakiya), 2. Yekaterina Bukina (Rusiya), 3. Mayder Qonsales (İspaniya), Jozefin Veberq (İsveç)
