17 aprel 2010 23:14
İki çempion, iki qəhrəman və qələbələrə öyrəşən Bakı
Azərbaycan yunan-Roma güləşi üzrə yarışlarda da lider olduğunu Bakıda sərgilədi. Elçin və Həsən Əliyevlərin qələbəsi, Elvin Mürsəliyevin gümüş medalı və Fərid Mansurovun göstərdiyi qəhrəmanlıq... Bütün bunlar azerisport.az-ın günün yekunlarına həsr olunmuş materialında.
Fərid Mansurov azərbaycanlılar arasında döşəyə çıxan ilk güləşçi oldu. Təəssüflər olsun ki, yarışı hamıdan tez də elə o tərk etdi. Amma Afina olimpiadasının qalibi AÇ-dən məğlub olmadan ayrıldı. Ağır zədə ilə ardıcıl iki rəqibinə qalib gələn Mansurovun növbəti döyüşlərə çıxmaq istədiyinə heç bir şübhə yoxdur. Bununla belə, idmançının sağlamlığı onun bütün titullarından, bütün qələbələrindən, bütün medallarından üstündür. Onsuz da hər bir azərbaycanlı güləş azarkeşi 66 kq çəki dərəcəsində Avropa çempionu kimi məhz Fərid Mansurovu görür. Çətin ki, onun yoxluğunda çempion olan Ambako Vaçadze, yaxud finalçı Yulian Panaita bu qədər uzaqlara gəlib çıxa bilərdi. Fərid qızıl medalsız çempiondur!
Keçək həqiqi çempionlara. Əslində, onların sayı üç olmalıdı idi. Amma Elvin Mürsəliyevin müəyyən qədər arxayınlaşması, müəyyən qədər də yarış təcrübəsinin az olması sözünü dedi. Güləşçimiz qələbəni belaruslu Aleksandr Kiknova verməli oldu. Eybi yoxdur, qoy sevinsinlər! Onsuz da bizdə iki qızıl medal var! Onları Əliyevlər qazandı. Elçin və Həsən Əliyevlər. İki gənc və perspektivli idmançı. AÇ-yə qədər. AÇ-dən sonra isə onlar artıq hər yerdə formalaşmış güləşçi, sözünü demiş usta kimi tanınacaqlar.
Bakı publikası qələbələrə öyrəşir. Artıq beş gündə 7 qızıl medal var. Niyə də onların sayını yuvarlaqlaşdırıb 10-a yüksəltməyək?
Bu gün daha 3 “klassik”imiz döşək üzərinə çıxacaq...
55 kq. 1. Elçin Əliyev (Azərbaycan), 2. Nazir Mankiev (Rusiya), 3. Vüqar Rəhimov (Ukrayna), Peter Modoş (Macarıstan)
60 kq. 1. Həsən Əliyev (Azərbaycan), 2. Konstantin Balitski (Ukrayna), 3. Zaur Kuramaqomedov (Rusiya), Tonimir Sokol (Xorvatiya)
66 kq. 1. Ambako Vaçadze (Rusiya), 2. Yulian Panaita (Rumıniya), 3. Stiv Jeno (Fransa), Tomaş Lorents (Macarıstan)
74 kq. 1. Aleksandr Kikinov (Belarus), 2. Elvin Mürsəliyev (Azərbaycan), 3. Dmitri Puşkov (Ukrayna), Petar Başçi (Macarıstan)
