16 aprel 2010 00:07
Stadniksiz, amma iki qızılla!
Kim deyirdi ki, güləş yalnız kişilərə yaraşır? Sən demə əsl kişi idman növü ilə məşğul olub Sona Əhmədli və Nadya Sementsova kimi gözəl də qalmaq olar. Həm gözəldirlər, həm də çempion!
Azerisport.az xəbər verir ki, Bakıda keçirilən güləş üzrə Avropa çempionatının ilk iki günündə kişi sərbəst güləşçilərin uğurlarının davamı Azərbaycanın xanım pəhləvanları da gətirdilər. Doğma publika önündə əsl fədakarlıq göstərən Sona Əhmədli və Nadya Sementsova Azərbaycana müvafiq olaraq, 4-cü və 5-ci Avropa “qızılı”nı gətirdilər.
Sonanın finala yolu bir qədər qısa alındı. Buna səbəb xanım güləşçinin rəfiqələrindən fərqli olaraq, püşk nəticəsində birbaşa 1/4 finaldan mübarizəyə başlaması oldu. Amma dünya çempionatının gümüş mükafatçısı onsuz da qısa olan bu yola bir qədər də azaltmaq qərarına gəldi və elə ilk görüşdəcə norveçli rəqibinə vaxtından əvvəl (ilk 1 dəqiqə ərzində) qalib gəlməklə yarımfinala adladı. Bu mərhələdə Fatah Sellum (Fransa), finalda isə Taybe Mustafa Yussent (Bolqarıstan) həmyerlimiz qarşısında heç nə edə bilmədilər. Nəticədə qızıl medala sahib olan Sona Əhmədli rəqiblərinə turnirboyu bir xal belə vermədi.
Nadya Sementsova bir qədər çox tər tökməli oldu. Finala çıxmaq üçün ukraynaəsilli güləşçimiz Eşli Makmanus (Britaniya) və Sandra Makelaya (İsveç), sonra isə İrina Çirkeviçə (Belarus) qalib gəlməli oldu. Finalda Sementsova ukraynalı Katerina Burmistrovaya heç bir şans vermədi. Azərbaycan ikinci qızıl medalını qazandı... Və bu yerdə yada üzrlü səbəblərdən turnirdə iştirak edə bilməyən daha bir Avropa çempionu düşdü. Ana olmağa hazırlaşan Mariya Stadnikin yolunu onun soydaşı və yeni həmyerlisi davam etdirdi.
Təəssüflər olsun ki, daha bir milliləşdirilmiş idmançımız – Anjela Doroqan elə ilk mərhələdəcə mübarizə dayandırmalı oldu. Lakin onu məğlub edən Aureli Bassenin heç yarımfinala belə çıxa bilməməsi, təmsilçimizin yarışı medalsız başa vurmasını şərtləndirdi.
51 kq. 1. Sofiya Madson (İsveç), 2. Ester Dobre (Rumıniya), 3. Aleksandr Koqut (Ukrayna), Aleksandr Engelhard (Almaniya)
59 kq. 1.Sona Əhmədli (Azərbaycan), 2. Taybe Mustafa Yusent (Bolqarıstan), 3. Fatah Sellum (Fransa), Mariana Sastin (Macarıstan)
67 kq. 1. Nadya Sementsova (Azərbaycan), 2. Katerina Burmistrova (Ukrayna), 3. Alyona Kardaşova (Rusiya), İrin Çirkeviç (Belarus)
