16 aprel 2010 21:00
Azərbaycanın medalsız qaldı (YENİLƏNDİ)
Bu gün Bakıda keçirilən Avropa çempionatının 4-cü günündə Azərbaycanı təmsil edəcək qadın güləşçilərin ilk mərhələdəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, aprelin 16-da döşək üzərinə Patimat Baqomedova (48 kq), Katerina Dombrovska (55 kq), Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) çıxacaqlar.
Baqomedova ilk mərhələdə Melani Lesafre (Fransa), Dombrovska Nadejda Mixalkova (Belarus), Zamula Mariya Ştuber (Almaniya), İvanova isə Yekaterina Bukina (Rusiya) ilə görüşəcək.
***
63 kq-da çıxış edən Olesya Zamula yarışa qələbə ilə start verib. Təmsilçimiz Mariya Ştuberi məğlub edib.
Katerina Dombrovska isə (55 kq) artıq yarımfinaldadır. Birinci görüşdə belaruslu Nadejda Mixalkovanı, ikinci görüşdə isə latviyalı Anastasiya Qriqoryevanı məğlub edən Katerina medal şanslarını artırıb. Təmsilçimizin rəqibi türkiyəli Dikel Ataköl olacaq.
İlk mərhələdə Yekaterina Bukina (Rusiya) ilə görüşən Dina İvanova 2:5 və 0:2 hesabları ilə məğlub olub. İndi yeganə ümid Bukinanın finala çıxmasına qalıb. Bu halda İvanova heç olmasa "bürünc" medal uğrunda mübarizəyə qoşulacaq.
Təəssüflər olsun ki, 48 kq-da çıxış edən Patimat Baqomedova da ilk döyüşündə məğlub olub. O, fransalı Melani Lesafreyə güc gələ bilməyib.
İndi aldığımız məlumata görə, Dombrovska 1/4 finalda Anastasiya Qriqoryeravaya məğlub olub. Düzəliş edək ki, hələ heç bir Azərbaycan güləşçisi yarımfinala adlamayıb. Kədərli, amma fakt.
İndi yalnız iki görüşü qələbə ilə bitirən Zamulanın qızıl medal şanı var. Digər üç xanım pəhləvımız ən yaxşı halda, bürünc uğrunda mübarizə aparacaq.
Olesya Zamula hələ ki, ümidləri doğruldur. Güləşçimiz 1/8 finalda Monika Mixalik (Polşa), növbəti mərhələdə isə Aqora Papavasilouya (Yunanıstan) heç bir şans verməyib. Yarımfinalda onu rusiyalı Lyubov Volosova gözləyir.
Zamula Volosovaya məğlub olan yeganə "qızıl" ümidimizi puç etdi. İndi o, bürünc medal uğrunda görüşdə Yuliya Ostapçukla (Ukrayna) qarşılaşacaq.
Daha bir təmsilçimiz - Katerin Dombrovska ilk təsəlliverici görüşlərdə polşalı Aqate Pyetrjikə məğlub olub. Bir bürünc də əldən çıxdı. Bir saat əvvəl isə Patimat Baqomedovanın da AÇ-i medalsız tərk edəcəyi məlum olub. Buna səbəb onu məğlub edən Lesafrenin finala çıxa bilməməsidir.
Nəhayət, Dina İvanova da yarışı tərk edib. O da təsəliverici görüşlərdə rəqibinə məğlub olub.
***
Təəssüflər olsun ki, günün son medal ümidi Olesya Zamula da fəxri kürsüdən kənarda qaldı. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə Yuliya Ostapçuka (Ukrayna) məğlub oldu: 0:1, 0:1.
Beləliklə, Bakıda keçirilən AÇ-də ilk dəfə olaraq, Azərbaycan günü medalsız bitirdi.
