İki ölkənin Avropa çempionatı
Bakıda keçirilən Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatdı. Azerisport.az xəbər verir ki, bu turnir Rusiya ilə Azərbaycanın qiyabi mübarizəsi kimi daha çox yadda qaldı.
Təəccüblənməli bir şey yoxdur: o boyda Avropanın çempionatında qızıl medallara yalnız Azərbaycan və Rusiyanın sərbəst güləşçiləri yiyələndilər. Əlbəttə, bu hələ heç nədən xəbər vermir və yarışın ölkəmizdə keçirilməsinin də müəyyən qədər təsiri var. Amma medalların siyahısına baxsaq, aşkar görərik ki, bu gün “Köhnə qitə”də güləş dəbini postsovet məkanı ölkələri müəyyənləşdirir. Azərbaycanla Rusiya isə bu siyahının önündə gedir.
Birinci gündən fərqli olaraq, yarışların ikinci günündə ölkəmiz yalnız bir qızıl medalı aktivinə yaza bildi. Çempionatdan əvvəl də aşkar favorit hesab olunan Xetaq Qazyumov (96 kq) səviyyəsinə şübhə yeri qoymadı. Yığmamızın kapitanına finalda türkiyəli Sərhat Balçının rəqib olacağı gözlənilsə də, arzulanan final baş tutmadı. Bu, Qazyumovun qələbəsinə kölgə salmır: həlledici görüşdə o, daha bir məşhur pəhləvan – dünya çempionu və Pekin olimpiadasının mükafatçısı Georgi Qoşelidzeni “zərərsizləşdirdi”.
Həmişə böyük ümidlər bəslənən, hər dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nəyisə çatmayan Çamsulvara Çamsulvarayevə (74 kq) bu dəfə də qeyri-sabitlik mane oldu. 2009-cu ilin Avropa çempionu titulunu yarımfinalda təhvil verdi. Onun yenildiyi Kirill Terzievin də öz növbəsində finalda Denis Tsarquşa məğlub olması ondan xəbər verir ki, Çamsulvarayevin finala çıxa bilməməsi ədalətli idi. Pəhləvanımız bu dəfə də medalsız qalmadı, amma çətin ki, ötənilki çempionluqdan sonra bürünc medal Çamsulvaranı və tələbkar Bakı publikasını tam razı salsın.
Nəhayət, bu gün döşək üzərinə çıxan Hacı Əliyev (60 kq). Onun barədə xoş sözlər demək olar. Hər halda, 19 yaşı tamam olmayan gənc pəhləvana yarımfinala adlamağa bir qədər vaxtı və təcrübəsi yetmədi. Unutmayaq ki, bu, Əliyevin ilk belə mötəbər yarışı idi, üstəlik, o bu çəki dərəcəsində çıxış etməli olan Zəlimxan Hüseynovu sonuncunun xəstələnməsi üzündən yarışa bir neçə gün qalmış əvəzləməli olmuşdu. Hacı ölkə birinciliyində Hüseynova qalib gəlsə də, AÇ və DÇ-də mübarizənin taleyini çox zaman zəngin yarış təcrübəsi həll edir. Əliyevdə idə bu yox idi.
60 kq. 1. Opan Sat (Rusiya), 2. Malxaz Zarkua (Gürcüstan), 3. Vasili Fedorişin (Ukrayna), Andrey Perpelita (Moldova)
74 kq. 1. Denis Tsarquş (Rusiya), 2. Kirill Terziev (Bolqarıstan), 3. Çamsulvara Çamsulvarayev (Azərbaycan), Batuhan Dəmirçin (Türkiyə)
96 kq. 1. Xetaq Qazyumov (Azərbaycan), 2. Georgi Qoşelidze (Gürcüstan), 3. Sərhat Balçı (Türkiyə), Aleksey Dubko (Belarus)
