Avropa çempionatı Azərbaycan üçün möhtəşəm başladı. Yarışların artıq ilk günündə komandamız aktivinə üç medal yaza bildi. Bunlardan da ikisi qızıl oldu!
Azerisport.az xəbər verir ki, Rusiya güləş başbilənlərinin çempionat ərəfəsində “həyəcan təbili çalması” və ciddi cəhdlə Mahmud Maqomedovu yarışdan kənarda qoymaq istəməsi əbəs yerə deyilmiş. 55 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi bir müddət əvvəl Rusiyanı Azərbaycana dəyişmişdi. Ruslar çox canfəşanlıq etdilər, FILA prezidenti Rafael Martinettiyə etiraz məktubu göndərdilər, sərt açıqlamaları ilə qalmaqal yaratmağa çalışdılar. Amma nə Azərbaycandan, nə də FILA tərəfindən bir reaksiyanın gəlməməsi onları nisbətən sakitləşdirdi. Bu sakitliyə isə Maqomedov özü son qoydu.
“Yeni azərbaycanlı” mübarizəyə qoşulan ilk təmsilçimiz oldu. Bir-birinin ardınca Marsel Evald (Almaniya), Aleksandr Çertoaqi (Moldova) və Andrey Dukovu (Rumıniya) mübarizədən kənarlaşdıran Mahmudun finaldakı rəqibi bolqarıstanlı Radoslav Velikov idi. Bir neçə il əvvəl tanınmış güləşçimiz Namiq Abdullayevi dünya çempionatının yarımfinalında məğlub edən bolqar pəhləvan Maqomedovla bacarmadı. 1:0, 4:1 və Azərbaycan Bakıda ilk qızıl medalını aktivinə yazdı.
Günün ikinci Avropa çempionu Cəbrayıl Həsənovun qələbəsi daha parlaq alındı. Nə qədər qəribə səslənsə də, bunda bir gün əvvəl tikanlı açıqlamaları ilə Azərbaycan güləş ictimaiyyətini təəccübləndirən, dolayısıyla da olsa, hakimlərin azərbaycanlı güləşçilərə kömək etdiyini dilə gətirən Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeevin də rolu var idi. Həsənov – Maqomedmurat Hacıyev duelində təmsilçimiz 3 xallıq fənd atsa da, Tedeevin etirazlarından sonra xal 1-ə endi. Amma bu, baş məşqçinin özünə baha başa gəldi. Üçüncü hissədə (ikinci hissəni Hacıyev qalib kimi bitirmişdi) Həsənov tərifli rus idmançının kürəyini yerə vuraraq, təmiz qələbə qazandı. Finala qədər cəbrayıl Ceyms Roberts (Böyük Britaniya), Vladimir Qotsian (Moldova) və Adam Soberaja (Polşa) qalib gəlmişdi.
Finalaqədərki duellərdə Deyan Boqdanov (Makedoniya), Səid Əhməd İtaev (Fransa) və Stefan Georgitaya (Rumıniya) heç bir şans verməyən Şərif Şərifovun həlledici görüşdə rusiyalı Anzor Urışevə qalib gəlməsi Şimal qonşularımız üçün sözün əsl mənasında həqarət olardı. “Perspektivli idmançını cəlb etmələri bir yana, finalda iki dəfə bizi məğlub etmək?” Əminik ki, Rusiyada güləşə cavabdeh olan və ya sadəcə, bu idman növü ilə maraqlanan insanların beynindən bu cür və buna yaxın fikirlər keçərdi. Amma alınmadı. Ədalət naminə, Urışev Şərifovdan daha mobil təsiri bağışlayırdı və bu cəldiyinin hesabına da iki hissədə qələbə qazandı.
Əli İsayev isə təəssüfləndirdi. 2009-cu il Avropa çempionunun elə ilk görüşdəcə belarusli Aleksey Şemarova məğlub olmasını heç nə ilə izah etmək olmur. Bəla cüt gəldi və Şemarovun finala çıxa bilməməsi İsayevin turniri məğlubiyyətlə, bir xal belə qazanmadan və medalsız tərk etməsini şərtləndirdi.
Bu gün – aprelin 14-də döşək üzərinə daha üç pəhləvanımız çıxacaq: Hacı Əliyev, Çamsulvara Çamsulvarayev (74 kq) və Xetaq Qazyumov (96 kq).
İlk günün medalları:
55 kq.1. Mahmud Maqomedov (Azərbaycan), 2. Radoslav Velikov (Bolqarıstan), 3. Marsel Evald (Almaniya), Viktor Lebedev (Rusiya)
66 kq. 1. Cəbrayıl Həsənov (Azərbaycan), 2. Maqomedmurat Hacıyev (Rusiya), 3. Otar Tuşişvili (Gürcüstan), Adam Soberaj (Polşa).
84 kq. 1. Anzor Urışev (Rusiya), 2. Şərif Şərifov (Azərbaycan), 3. Stefan Georgita (Rumıniya), Mixail Qanev (Bolqarıstan)
120 kq. 1. Bilal Maxov (Rusiya), 2. Fatih Çakıroğlu (Türkiyə), 3. Aleksey Şemarov (Belarus), Dimitar Kumçev (Bolqarıstan)