İki qızıl, bir gümüş (YENİLƏNDİ)
Bakı vaxtı ilə saat 13:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş üzrə Avropa çempionatı start götürür. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə döşək üzərinə dörd azərbaycanlı idmançı çıxacaq.
55 kq-da Azərbaycanı təmsil edəcək Mahmud Maqomedov ilk görüşdə almaniyalı Marsel Evald, Cəbrayıl Həsənov (66 kq) Ceyms Roberts (Böyük Britaniya), Şərif Şərifov (84 kq) Deyan Boqdanov (Makedoniya), Əli İsayev (120 kq) isə Aleksey Şemarovla (Belarus) qarşılaşacaq.
Aldığımız məlumata görə, azərbaycanlı idmançılar arasında döşək üzərinə ilk olaraq, Mahmud Maqomedov çıxacaq. Əli İsayev üçüncü, Cəbrayıl Həsənov yeddinci döyüşəcək.
***
Azərbaycan qitə çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz Mahmud Maqomedov almaniylı Marsel Evalda qalib gəlib - 2:0, 2:0.
Düşək üzərinə çıxan ikinci güləşçimiz Əli İsayev belaruslu Aleksey Şemarova məğlub olub - 0:1, 0:3. Bu nəticədən sonra təmsilçimizin ən yaxşı halda bürünc medal uğrunda mübarizə aparmaq şansları qalır. Bunun üçün Şemarov mütləq finala çıxmalıdır.
Cəbrayıl Həsənov britaniyalı rəqibi Ceyms Robertsə güləş dərsi keçib. Rəqibinə aman verməyən təmsilçimiz 5:0 və 6:0 hesabları ilə qələbə qazanıb.
Nəhayət, bu gün mübarizəyə qoşulan sonuncu güləşçimiz - Şərif Şərifov makedoniyalı rəqibi Deyan Boqdanova heç bir şans verməyib - 5:0, 5:0.
***
Artıq 1/4 final mərhələsinə start verilib. Bu mərhələdə də mübarizəyə ilk olaraq, Mahmud Maqomedov qoşulub. Bu dəfə moldovalı Aleksandr Çertoaqi pəhləvanımız qarşısında duruş gətirə bilməyib - 0:2, 0:2. Maqomedov artıq yarımfinaldadır.
İlk görüşdə Əli İsayevi məğlub edən Aleksey Şemarov yarımfinaldadır. Belaruslunun daha bir qələbəsi təmsilçimizin bürünc medal uğrunda mübarizəyə qoşulmasını təmin edəcək.
Cəbrayıl Həsənov moldovalı Vladimir Qotsiana qalib gələrək (4:0, 3:0) yarımfinala adlayıb.
Rusiya yığmasının Azərbaycana vermək istəmədiyi Mahmud Maqomedov bir daha Şimal qonşularımızın bu cəhdlərinə haqq qazandırıb. Pəhləvanımız artıq finaldadır! Maqomedov Andrey Dukovu (Rumıniya) məğlub edib. Finalda təmsilçimizin rəqibi Radoslav Velikov (Bolqarıstan) olacaq.
Təəssüflər olsun ki, Şemarovun yarımfinalda məğlub olması ilə Əli İsayevin bürünc medal şanslarını itirib.
Cəbarayıl Həsənov finala çıxan ikinci Azərbaycan güləşçisi oldu. Yarımfinalda Adam Soberaja qalib gələn (3:0, 4:0) pəhləvanımız həlledici görüşdə rusiyalı Maqomed Hacıyevlə görüşəcək.
Şərif Şərifov 1/4 finalda fransız Səid Əhməd İtaevi, yarımfinalda isə Stefan Georgitanı (Rumıniya) məğlub edib və finala çıxıb. Onun da rəqibi rusiyalı olacaq: Anzor Urişev.
***
Və ilk qızıl medal var!!! Mahmud Məqomedov finalda bolqarıstanlı Velikovu məğlub etdi - 0:1, 7:0, 4:1 və Azərbaycan yığmasına qitə çempionatında ilk medalı - ilk qızıl medalı qazandırdı!
Şərif Şərifov və Cəbrayıl Həsənovdan da eyni nəticəni gözləyirik.
***
Cəbrayıl Həsənov yarışın ilk günündə Azərbaycana ikinci qızıl medalı gətirdi! Pəhləvanımız finalda rusiyalı Maqomedmurat Hacıyevdən üçüncü raundda təmiz qələbə ilə üstün oldu: 1:0, 0:3, 4:0. Rəqibin baş məşqçisi Dzambolat Tedeevin etirazlar, döşək kənarından qovulması da yetirməsinə kömək etmədi.
***
Təəssüflər olsun ki, günün üçüncü finalında qızıl medal qazanmaq mümkün olmadı. Şərif Şərifov da həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə görüşürdü. Amma Anzor Urışev həmyerlimizdən güclü çıxdı - 2:1, 1:0.
Beləliklə, ilk gündə dörd çəki dərəcəsində keçirilən yarışlarda Azərbaycan yığması 3 medal qazandı: Mahmud Maqomedov (55 kq) və Cəbrayıl Həsənov (66 kq) qızıl, Şərif Şərifov isə (84 kq) gümüş medal əldə etdilər. 120 kq-da mübarizə aparan Əli İsayev ilk görüşündəcə məğlub olub mübarizəni dayandırdı.
