Bu gün yığmanın heyəti açıqlanacaq
Aprelin 13-18-də Bakıda keçiriləcək yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatına hazırlıq davam edir. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan da daxil olmaqla, 38 ölkədən 450-yə yaxın idmançının iştirakı gözlənilir.
Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst və yunan-Roma güləşi üzrə komandalarımızın üzvləri ilə görüşəcək. Federasiyadan aldığımız məlumaya görə, həmin görüşdə Avropa çempionatında ölkəmizi təmsil edəcək pəhləvanlarımızın adı açıqlanacaq.
Avropa çempionatında mübarizə aparacaq komandalar ölkəmizə aprelin 10-dan etibarən gəlməyə başlayacaqlar.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yarışlar hər gün saat 13.00-da başlayacaq. Təntənəli açılış mərasimi aprelin 13-də saat 18.30-da olacaq. Azarkeşlərin arenaya girişi pulsuz olacaq.
