Rusiyanı Ermənistan-Azərbaycan münasibətləri narahat edir?
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Avropa çempionatı ərəfəsində Rusiya yığmasının baş məşqçisi Qoqi Koquaşvili gözlənilməz bəyanatla çıxış edib. Azerisport.az xəbər verir ki, Ermənistan yığmasının Bakıya tam heyətlə gəlməyə razılıq verdiyi bir vaxtda Koquaşvili yığmanın erməniəsilli üzvü Miqran Arutunyanı (66 kq) Bakıya gətirməkdən imtina edib.
“Əvvəlcə onu Bakıya aparmağı planlaşdırırdıq. Sonradan bu fikirdən əl çəkdik. Məlum səbəblərdən təxribata yol verməmək üçün bu cür addım atdıq. İdman siyasətdən uzaq olmalıdır. Güləşçilər isə həmişə xoşməramlılığı ilə seçiliblər. Şübhə etmirəm ki, Azərbaycan tərəfi bizi ən yüksək səviyyədə qəbul edəcək və təhlükəsizliyimizə təminat verəcək. Amma hər bir cəmiyyətdə hərəkətlərini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayan elementlər var”- deyə Koquaşvili bildirib.
