11 iyun 2016 01:00

Fərid Qayıbov: Azərbaycan dünya gimnastikasının lideri olmağa çalışır

“Azərbaycan dünya gimnastikasının lideri olmağa çalışır”. Azerisport.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” portalının müxbiri ilə söhbəti zamanı Avropa Gimnastika İttifaqının vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, 22-24 iyul tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə hazırlıqlardan danışarkən deyib.

- Xahiş edirik, bizə bədii gimnastika üzrə FIG Dünya Kubokunun təşkil olunması ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlər haqqında məlumat verəsiniz.
- Bu il Azərbaycan üç Dünya Kubokunu qəbul edir. Onlardan ikisi – batut və idman gimnastikası üzrə Dünya Kubokları artıq baş tutub. Bədii gimnastika üzrə Dünya Kuboku Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2016-cı ildə keçirilmiş 10 Dünya Kubokundan sonuncusudur. Bu 10 mərhələnin nəticələrinə əsasən, Dünya Kubokunun qalibi müəyyənləşəcək. Bakıda FIG kuboku qalibə təqdim olunacaqdır. Bundan əlavə, adətə uyğun olaraq, ən çox icra xalı toplamış idmançı, Azərbaycan Gimnastika Federasiyasının (AGF Trophy) kuboku ilə təltif ediləcək. 

Kubokun təşkilinə gəldikdə isə, bizdə fasiləsiz olaraq çalışan Təşkilat Komitəsi yaradılıb. Bizim hələ ki, heç bir çətinliyimiz yoxdur. Dövlət bizim üçün 2014-cü ildə istifadəyə verilən xüsusi idman kompleksi inşa edib ki, bu da işimizi xeyli yüngülləşdirir. Bu zalda Avropa Çempionatı, o cümlədən ötən il İlk Avropa Oyunları keçirilib. Hər şey plan üzrə gedir.

- Demək olarmı ki, federasiyanın və idmançıların fəaliyyəti sayəsində Azərbaycan, gimnastikada dünya liderləri sırasındadır?
- Əlbəttə, biz çalışırıq ki, bu belə də olsun. Hesab edirəm ki, bizdə olan şərait heç kəsdə yoxdur. Bizim kompleks bütün altı gimnastika növü üzrə idmançıların məşq edə biləcəyi, istənilən yarışın – millidən tutmuş iri miqyaslı beynəlxalq turnirlərin keçirilə biləcəyi məhz gimnastika üzrə ixtisaslaşmış bir idman qurğusudur. Artıq belə bir kompleksin mövcudluğu bizim gimnastikada liderlərdən birinə çevrildiyimizdən xəbər verir. Təbii ki, burada uzun illik ənənədən söhbət gedə bilməz. Elə ölkələr var ki, onların ənənələri əsrlərə dayanır, lakin biz bu məktəbi burada yaradırıq.

Son bir neçə il ərzində bizdə bir sıra yeni gimnastika növləri inkişaf etdirilməyə başlanılıb: qadın idman gimnastikası, batut və aerobika gimnastikası. Biz beynəlxalq yarışlar keçiririk, bu növlərin inkişaf etməsi üçün onları təbliğ edirik. Bu yarışlardan savayı, digər işlər də görülür. FIG-nin xüsusi qiymətləndirmə sistemi mövcuddur: ilin nəticələrinə əsasən, onlar daha fəal olan ən yaxşı beş federasiyanı təyin edirlər. Mükafatlandırılan federasiyaların müəyyən olunmasında müxtəlif yarışların, hakimlik və məşqçilik kurslarının Federasiyalar tərəfindən keçirilməsi nəzərə alınır. Deyə bilərəm ki, son iki il ardıcıl olaraq, biz bu beşliyə daxil oluruq.

- Hazırda, AGF daha hansı beynəlxalq turnirlərin keçirilməsini planlaşdırır?
- Bu, cari ildə keçirəcəyimiz sonuncu iri miqyaslı beynəlxalq yarışdır. Bu yarışdan iki həftə sonra Olimpiya Oyunları başlayır. Olimpiya Oyunlarından sonra isə, yeni fəsil, yeni Olimpiya dövrü başlayır və ona hazırlaşmaq lazımdır. Bundan sonra isə biz bu il bir neçə milli yarış, o cümlədən Azərbaycan Çempionatı təşkil edəcəyik. Qeyd etmək lazımdır ki, qonşu ölkələrin federasiyaları bizim yerli yarışlara öz idmançılarını göndərirlər. Bundan əlavə, bir çox xarici ölkə gimnastları daimi olaraq, bizdə keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər.

Növbəti dövrdə müxtəlif hakimlik kurslarının keçirilməsini planlaşdırırıq. Biz indi artıq təşkilatçılıqla bağlı işlərə başlamışıq, lakin hər şey Beynəlxalq Federasiyadan, onların namizəd ölkələr üzrə verəcəyi qərardan asılıdır. Biz, həmçinin Dünya Kuboklarının keçirilməsini, lakin hələlik yalnız Olimpiya növləri üzrə təşkilini planlaşdırırıq.

Akrobatika və bizim üçün yeni  gimnastika növü olan aerobikaya gəldikdə isə, bu növlər üzrə Dünya Kuboku keçirmək üçün biz müəyyən nəticələr əldə etməliyik. Bunun üçün doğma divarlar arasında tamaşaçılar qarşısında ölkəni layiqincə təmsil edə biləcək idmançıların yetişməsi vacibdir. Odur ki, növbəti il üçün hələ ki, akrobatika və aerobika gimnastikası üzrə belə bir planımız yoxdur. Sonralar, təbii ki, biz bu növlər üzrə də yarışlar keçirəcəyik.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.