19 aprel 2016 19:30

“Bu arenanı sözlə ifadə etmək yox, görmək lazımdır"

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Çexiyadan olan bədii gimnastika üzrə məşqçi Yarmila Zajonkova ilə müsahibə aparıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bildiyimizə görə, siz daha öncə ölkəmizə səfər etmisiniz. Azərbaycan və Bakı şəhəri haqqında təəssüratlarınızı eşitmək maraqlı olardı.
- Bəli, mən əvvəllər bir neçə dəfə Azərbaycana səfər etmişəm. Bakı çox gözəl şəhərdir, mən məmnuniyyətlə buraya gəlirəm. Burada məni çox səmimi qarşılayırlar. Şəhərdə və, əlbəttə ki, İçərişəhərdə gəzməyi sevirəm. Xəzər dənizini seyr edərək şəhərdə məmnuniyyətlə qəhvə içirəm. Bir sözlə, burada mən özümü çox yaxşı hiss edirəm.

- Milli Gimnastika Arenasında məşqləriniz necə keçir? Burada məşqlər üçün yaradılmış şəraitdən razısınızmı?
- Bəli, əlbəttə ki, razıyam. Mən nə deyə bilərəm, bu arenanı sözlə ifadə etmək yox, görmək lazımdır, buradakı şərait sadəcə, əladır. Bütün məşqçilər çox yaxşıdır, həkimlər də çalışırlar ki, hər şey lazımi səviyyədə olsun.

- Bəs bizim bədii gimnastlarımız haqqında nə deyə bilərsiniz?
- Sizin gimnastlar çox yaxşıdırlar. Bildiyimə görə, Marina Durunda artıq Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb. Ümid edirəm ki, sizin qrup hərəkətləri komandanız da bu həftə Rio-de-Janeyroda keçiriləcək Test Turnirində Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Son illər ərzində komandanız çox inkişaf edib. Siz artıq proqramın bu çıxış növündə Bakıda keçirilmiş Avropa Çempionatında medallara layiq görülmüsünüz. Ümid edirəm ki, hər şey yaxşı olacaq və onlar daha da inkişaf edəcəklər.

- Məşqçilik fəaliyyəti ilə nə vaxtdan məşğul olursunuz?
- Məşqçilik fəaliyyəti ilə mən artıq 18 ildir ki, məşğulam. Çox uzun müddətdir (gülümsəyir). Uşaqlarla çalışmaq xoşuma gəlir. Gimnastika elə bir idman növüdür ki, burada həmişə ancaq işləmək lazımdır, qarşılığında heç nə gözləmədən özünü tam işinə həsr etməlisən. Bütün bunlara əməl etsəniz, o zaman nəticələr də olacaq. Uşaqların demək olar ki, hər bir potensialı var, ancaq daha çox çalışması üçün onları həvəsləndirmək çox çətindir. Bu baxımdan çətinlik çəkirik.

- Sizin gimnastların nailiyyətləri haqqında eşitmək maraqlı olardı...
- Mən buraya gənc gimnastlarla təlim-məşq toplanışına gəlmişəm. Keçən ilin sonunda biz gənclərdən ibarət yığma komandaya daxil olmaq istəyirdik və buna nail olduq. Bir həftədən sonra gənclər arasında Çexiya Respublikası üzrə çempionat keçiriləcək. Biz, həmçinin bu il İsraildə keçiriləcək Avropa Çempionatında iştirak etmək niyyətindəyik.

- Çexiyada gimnastikanın inkişafı barədə nə deyə bilərsiniz?
- İndi bu sahədə Çexiyada vəziyyət bir qədər mürəkkəbdir, elə bir şərait və arena yoxdur ki, biz oraya uşaqları toplayaq və onlar bir yerdə yaşaya bilsinlər və təhsil alsınlar. Bizə belə bir gimnastika mərkəzi inşa etmək lazımdır ki, bütün yaxşı gimnastlar burada toplaşsınlar, məşq etsinlər və yalnız gimnastika ilə məşğul olsunlar. Daha da inkişaf etmək üçün məşqçilər də çağırmaq olar.

- Yeni başlayan gimnastlara hansı məsləhətləri verə bilərsiniz?
- Bədii gimnastika çox gözəl bir idman növüdür. Mən artıq uzun illərdir ki, gimnastika ilə məşğulam. Əlbəttə ki, bu çox böyük zəhmət tələb edir, lakin səy göstərsən və nə etmək istədiyini dəqiq bilsən, o zaman alınacaq. Biz – məşqçilər gimnastların uğur qazanması üçün əlimizdən gələni edirik.

- Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik...
- Mən gənc gimnastlarla məşğul oluram və onların hamısı çox bacarıqlıdır. Ümid edirəm ki, onlar da yığma komandaya daxil ola biləcəklər və mən gimnastları yetişdirdikcə, Çexiya yığma komandasına gənc yaş qrupuna aid olduqları zaman daxil ediləcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.