Qurban Qurbanov: Rəşad Sadıqovu Qarabağın ən yaxşısı saymaq olar
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Komanda" qəzetinin keçirdiyi sorğuda ilin ən yaxşı məşqçisi adını qazanması münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, bir sıra maraqlı fikirlər səsləndirib:
- İlin ən yaxşısı seçilməyiniz necə hissdir?
- Mənə bu cür etimadın göstərilməsinə görə şadam. Hər bir məşqçi bunu arzu edir.
- 2016-cı ildə rəqabət güclü deyildi. Bu qələbə sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Etiraf edim ki, birinci olmağım mənim üçün sürpriz oldu. Çünki Robert Prosineçkinin birinci olacağını düşünürdüm. Bu gün mənim yerimdə onun olmasına təəccüblənməzdim.
- Geridə qoymağa hazırlaşdığımız il sizə nə verdi?
- Bu il çox şey öyrəndim. Ümid edirəm ki, bunun faydasını qarşıdakı illərdə görəcəyəm.
- Son illərdə sizi iki dəfə emosiyalarınıza qapıldığınızı görmüşük. Birinci dəfə ilk çempionluğunuzda, ikincidə isə Rəşad Sadıqov Çexiya "Slovan"ı ilə oyunda hesabı bərabərləşdirəndə. Bizim diqqətimizi çəkməyən belə başqa məqamlar da olub?
- Bəli, çox olub (gülür).
- Heç əvvəlki uğurunuz təkrarlaya bilməyəcəyinizi düşündüyünüz an olub?
- Belə oyunlar çox olub. Amma nəyisə dəyişmək çox gecdir. Hər məğlubiyyət böyük bir təcrübə deməkdir. Hər dəfə onların sayının azaltmaq lazımdır.
- Rəhbərlik sizdən pley-offa vəsiqə gözləyirdi. Avroliqadakı çıxışınızı başa vurandan sonra sizə irad bildirən oldu?
- Xeyr. Biz onsuz da rəhbərliklə daim ünsiyyətdəyik. Onlar da hər şeyi başa düşürlər. Biz müəyyən müzakirələr apardıq və gələcəkdə hər şeyin daha yaxşı alınması üçün nələrə ehtiyac olduğunu müəyyənləşdirməyə çalışdıq.
- Sizcə, "Qarabağ"ın ən yaxşısı kimdir?
- Demək çətindir. Amma bütövlükdə, Rəşad Sadıqovu ən yaxşı saymaq olar. Onun həm yığmanın, həm də klubunun uğurlarında payı var. Çox iş görüb.
