Tərlan Quliyev: Qarabağ və Qəbələyə qarşı sonadək mübarizə aparacağıq
"İnter"in müdafiəçisi Tərlan Quliyevin azerisport.az saytına müsahibəsi
- 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı ilk oyunda (2:0) qalib gəlsəniz də, ilk yarıda komandanızın oyunu alınmadı...
- Rəqib ilk yaxşı qapandı. İlk qola qədər çox problemlə üzləşdik. Amma sonradan onlar da açılmağa başladılar. Üçüncü qolu da vura bilərdik.
- 2:0 cavab matçı öncəsi yaxşı üstünlükdür...
- Sakitləşmək olmaz. "Kəpəz"in evdə oynadığını yaxşı bilirəm. Əlbəttə, üstünlülk bizdədir, amma qarşıda hələ cavab oyunu da var.
- Cavab matçında komandanıza nə və ya kim problem yarada bilər?
- Stadion amilini qabartmaq istəmirəm. Hər iki komanda eyni qazonda mübarizə aparacaq. Əlbəttə, rəqib ayda 2-3 dəfə bu stadionda oynayır. Amma bu, bizim üçün problem hesab olunmamalıdır. "Kəpəz"ə Gəncədə də qalib gələ bilərik.
- Avroliqaya ən qısa yol kubokdan keçir. Əsas üstünlüyü bu turnirə verirsiniz, ya Premyer Liqaya?
- Bizim üçün fərqi yoxdur. Rəqibdən asılı olmayaraq, biz meydana çıxıb, qələbə üçün mübarizə aparırıq. Qarşımızda kuboku qazanmaq və ya çempionatda qalib gəlmək kimi konkret hədəf yoxdur. Buna görə də hər iki cəbhədə uğurlu çıxış etməyə çalışırıq.
- Yarımfinalda AZAL-la qarşılaşmaq istəyərdiz, ya "Qəbələ" ilə?
- Düzünü desəm, AZAL-la. Ola bilər ki, bizə məhz onlarla oyunda çətin olsun. İstənilən halda qələbəyə oynayacağıq.
- Hazırda ölkənin iki ən güclü klub kimi "Qarabağ"la "Qəbələ"nin adı çəkilir. Bu, "İnter"in futbolçularına necə təsir edir?
- Maliyyə baxımından bu klublar bizi üstələyir. Amma oyunçular, komanda baxımından yox. Bu klublarla sonadək mübarizə aparacağıq.
