Rəhman Hacıyev: Bu dəfə bizdə hər şey alındı
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Zirə” üzərində 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az saytının da əməkdaşının iştirak etdiyi müsahibədə gənc yarımmüdafiəçi öncə matçla bağlı fikirlərini bölüşüb:
- Çətin oyun oldu. İki ildən çoxdur ki, “Zirə”ni uda bilmirdik. Kubok matçı olduğundan bizim üçün daha vacib idi. Çünki əlimizdə ancaq kubokda uğur qazanmaq şansı var. İlk görüş idi, hələ heç nə həll olunmayıb.
- İlk oyunda 3:0 hesabı ilə qalib gəldiniz. Cavab matçı barədə proqnozunuz necədir?
- Hesabın 3:0 olması hər şeyin bitməsi anlamına gəlmir.
- Rəqibin baş məşqçisi Adil Şükürov oyundan sonra bildirib ki, cavab matçında qalib gəlib, mərhələ adlayacaqlar...
- Futboldur, yaxşı yoldayıq. Asan oyun olmayacaq. Biz də əlimizdən gələni edəcəyik.
- Bu cür qələbələr motivasiya üçün önəmlidir.
- Bəli, fikrinizlə razıyam. Bu cür qələbə komandanın əhval-ruhiyyəsinə müsbət təsir edəcək.
- Belə bir hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Bura qələbə qazanmağa gəlmişdik. Matçdan öncə baş məşqçimizin tapşırıqları oldu. Biz də həmin göstərişləri düzgün yerinə yetirdik. Bu gün bizdə hər şey alındı.
