Dmitri Kruqlov: Neftçini sonuncular sırasında görmək üzücüdür
"Neftçi", "İnter" və "Rəvan"ın sabiq müdafiəçisi Dmitri Kruqlovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Maraqlanıram, amma əvvəlki qədər yox. Sergey Zenyov Estoniya yığmasının heyətinə cəlb olunanda onunla söhbətləşirik.
- Futbolumuzun indiki durumu barədə fikirləriniz necədir?
- Müşahidələrimə əsasən Azərbaycan futbolunda vəziyyətin o qədər də yaxşı olmadığını deyə bilərəm. İlk növbədə maliyyə imkanları əvvəlki kimi deyil. Əvvəllər 5-6 klub çempionluq uğrunda mübarizə aparırdı və son ana kimi hansı komandanın birinci olacağı bilinmirdi. İndi isə sadəcə, "Qarabağ"la "Qəbələ" qalıb.
- Bu iki klub da Avropa Liqasındakı çıxışını başa vurdu. Onların oyunlarını izləyirdiniz?
- Oyunlarını görməmişəm. "Qarabağ"ın çıxışına toxunmaq istərdim. Ağdam klubu pley-offa çıxa bilməsə də, çox güclü komandadır. Onlar hər il yaxşı nəticələr, layiqli oyun sərgiləyirlər.
- Estoniya və Azərbaycan klublarını müqayisə edə bilərsiniz?
- Bizim klublar Azərbaycan komandalarından geri qalırlar. Əsas səbəb də Estoniya çempionatının yarıhəvəskar olmasından irəli gəlir. Digər məqamlar da var. Düzdür, bizdə də çempionat inkişaf edir. Amma biz istədiyimiz səviyyədə yox.
- Azərbaycanda üç klubda oynamısınız. Yenidən buraya qayıtmaq istəyərdiniz?
- Niyə də yox? Amma sonuncu klubumdakı aqibətlə üzləşmək istəməzdim.
- Bu klublardan "Neftçi" hazırda heç də yaxşı günlərini yaşamır...
- Heç vaxt düşünməzdim ki, "Neftçi" nə vaxtsa turnir cədvəlinin alt sıralarına düşər. Klubun niyə bu vəziyyətdə olduğunu bilmirəm. Amma bunu görmək üzücüdür.
- Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki şansları barədə nə düşünürsünüz?
- Azərbaycan millisi seçmə mərhələdə əla oynayır. Amma komandanızın Almaniyaya qalib gələcəyini düşünmürəm. Lakin elə oynamaq lazımdır ki, stadiona gələn azarkeşlər futbolçuların xarakterindən danısşın. Yığma komandanıza uğurlar arzulayıram.
