Azər Cabbarov: Qarabağ belə davam etsə...
"Qarabağ"ın sabiq futbolçusu Azər Cabbarov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı keçirdiyi son oyundan (1:2) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müdafiədəki diqqətsizlik ucbatından iki qol buraxdılar. İlk qolda rəqib futbolçuya zərbə endirməyə imkan verdilər, ikincidə isə diqqət topda idi, rəqib oyunçu isə boşda qalmışdı. Komandamızın vurduğu qol çox gözəl alındı. Həmin qol bizi bir az ümidləndirdi. Amma bu, bəs etmədi. İstənilən halda, "Qarabağ"a bizə bəxş etdiyi bu emosiyaya görə çox sağ ol düşür. Komanda çox gözəl futbol sərgiləyir, adlı-sanlı rəqibləri ilə bərabər səviyyədə mübarizə aparır. Belə davam etsələr, gələn mövsüm hətta qrup birincisi də ola bilərlər".
