Ulrix Kapolonqo: Qarabağın Fiorentinaya qalib gələcəyinə inanıram
"Qarabağ"ın sabiq hücumçusu Ulrix Kapolonqo Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qalib gəlmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın avrokuboklardakı bütün oyunlarını izləyirəm. Düzünü deyim ki, komandanın Çexiya "Slovan"ına səfərdə qalib gələcəyinə çox inanırdım. Amma həmin oyunda qrupdan çıxmağı təmin edə bilmədilər və indi elə vəziyyət yaranıb ki, "Fiorentina" ilə matçda mütləq uğur qazanmaq lazımdır. Ağdam klubunun qələbəsinə inanıram. Bakıda onları məğlub etmək olar. Ümid edirəm ki, mərkəzi arenanın tribunalarında boş yer qalmayacaq. Bu stadionda dəfələrlə oynamışam və ora tam dolanda necə gözəl atmosfer yarandığını gözəl bilirəm. "Qarabağ"ın heyətində kifayət qədər yaxşı futbolçular da var ki, oyunu öz üzərinə götürüb, görüşün taleyini həll edə bilər".
