Teteruşanu: Qarabağın PAOK-u hər iki oyunda məğlu etməsi bizi qorxutmur
İtaliyanın "Fiorentina" klubunun qapıçısı Çiprian Teteruşanu sabah "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirəcəkləri oyun öncəsi Bakıda jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Rəqibdən çəkinmirik. "Qarabağ" güclü komandadır. Sabah bizə asan olmayacaq. Ancaq Azərbaycan çempionuna da asan olmayacaq.
- Bakıda sizi qane edən heç-heçəyə oynayacaqsınız?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq.
- Bəs, PAOK-la oyuna nə üçün çıxmışdınız?
- Yunanlara qarşı da qələbə üçün çıxmışdıq. Sadəcə, rəqib əlinə düşən azsaylı qol imkanlarından yararlandı. Təəssüf ki, xeyli sayda fərqlənmək şanslarını boşa verdik.
- "Fiorentina"da hazırda vəziyyət necədir?
- Yaxşıdır. Qrup lideriyik və yaxşı oynayırıq.
- Demək olar ki, pley-offda olduğunuz halda Bakıya gəlməli oldunuz. Halbuki, bunu son tura saxlamayıb, Azərbaycana ehtiyat qüvvəni gətirə bilərdiniz...
- Heç nə itirməmişik. Hər şeyə burada aydınlıq gətirəcəyik.
- Son turda məğlub olduğunuz PAOK-u 2 dəfə udan "Qarabağ"la oynamaq sizi qorxutmur?
- Xeyr, qorxutmur! Futbolda bu cür müqayisə doğru deyil. Elə həmin "Qarabağ"a böyük hesabla qalib gəlmişik (5:1).
