Çertoqanov: Mənə vida matçı keçirməklə bağlı təklif edən olmayıb
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov ölkəmizdə keçirdiyi 12 il ərzində "Bakı", "Neftçi", "Simurq", "İnter", "Qəbələ" və "Sumqayıt" kimi komandalarda çıxış etdi. Azerisport.az xəbər verir ki, 7-8 il də millimizdə çıxış edən futbolçu ötən mövsüm "Sumqayıt"da karyerasını başa vurdu.
Karyerasını bitirən kimi anadan olduğu Ukraynaya qayıdan Çertoqanovun futboldan bu şəkildə gedişi qəribə görünməyə bilməz. O, hətta vida matçı da keçirmədən yaşıl meydanlara əlvida etdi.
Azerisport.az saytına açıqlamasında Saşa bu məsələyə belə münasibət bildirib: "Mənə vida matçı ilə bağlı heç kim təklif göndərməyib. Heç mən özüm də cəhd etməmişəm. Uşaqların çoxu futboldan belə gedib. Həm də vida matçı keçirməyə dəyəcək qədər böyük fiqur olduğumu düşünmürəm. Heç bu barədə fikirləşmirəm də. Amma təklif alsaydım, dostlarımı yığıb, yaxşı bir matç keçirərdik. Çünki onların hamısı ilə yenə də münasibət saxlayıram".
