Vurğun Hüseynov: Yəqin ki, oyunum onun xoşuna gəlmir
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Sumqayıt" MOİK-i iki cavabsız qolla keçib, Azərbaycan Kubokunda 1/4 finala yüksəldi. Niyə qələbə çətin başa gəldi?
- Komandada heç bir arxayınlıq yox idi. Sadəcə, ilk yarıda oyunumuz alınmadı. İkinci hissədə isə toparlanıb, lazım olan qolları vura bildik. Rəqib də Premyer Liqa klubuna qarşı layiqli mübarizə apardı.
- Növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaqsınız. Onların "Səbail"lə oyununa baxdınız?
- Bəli, baxdım. "Qarabağ"ın gücü onsuz da hamıya bəllidir. Aydın məsələ idi ki, onlar "Səbail"i keçəcəklər. Artıq onlarla oyunun hazırlığına başlamışıq. Bizi çətin matç gözlədiyini bilirik.
- Səkkiz duelin hamısında Premyer Liqa klubları Birindi Divizion təmsilçilərindən üstün oldu. Səviyyə fərqi çoxmu böyükdür?
- Əlbəttə, liqalar arasında fərq var. Amma Birinci Divizionda da elitada oynaya biləcək futbolçular var. Bu oyunlarda heç bir sürprizin qeydə alınmaması isə TPL klublarının matçlara çox ciddi hazırlaşmasından xəbər verir.
- "Qarabağ" sizinlə oyundan öncə İtaliya "Fiorentina"sı ilə Avroliqa matçına çıxacaq...
- Ağdam klubunun qələbə qazanacağına, pley-offa çıxacağına ümid edirəm. Bunu hamımız istəyirik.
- "Qarabağ"ın İtaliya klubu ilə oyundan yorğun ayrılması sizə sərf edəcək...
- "Qarabağ" yorulan komanda deyil. Buna inanmıram. Onlar dörd gündən bir oynamağa alışıblar. Heyəti də genişdir.
- "Fiorentina"ya uduzsalar, bütün hirslərini sizdən çıxa bilərlər. Yəqin ki, buna görə onların qarşıdakı oyunda qələbə qazanmasını arzulayacaqsınız...
- Onsuz da hər bir azərbaycanlı "Qarabağ"ın "Fiorentina" üzərində qələbə qazanması üçün dua edəcək. Mən bu komandanın uğur qazanacağına inanıram.
- Yenidən milliyə qayıtmaq şanslarınız barədə nə deyə bilərsiniz?
- Klubuma kömək etmək üçün əlimdən gələni edirəm. Çempionat oyunlarına millinin məşqçiləri də baxır. Yəqin ki, oyunum Robert Prosineçkinin xoşuna gəlmir, ona görə dəvət göndərmir.
