Klodian Duro: Qarabağı indi Avropada hər kəs tanıyır
Futbol üzrə Albaniya yığmasının sabiq yarımmüdafiəçisi Klodian Duro "Qarabağ, eləcə də keçmiş komanda yoldaşı Ansi Aqolli barədə danışıb. Azerisport.az saytına açqlamasında o, bunları söyləyib:
"Aqolli, eləcə də Admir Teli ("Qarabağ"ın sabiq albaniyalı müdafiəçisi) dörd il əvvəl milli komandada birgə oynayırdım. Toplanışlarımız zamanı "Qarabağ" barədə onlarla çox danışırdıq. Fikrimcə, geridə qalan illərdə "Qarabağ" daha da güclü olub. İndi onları Avropada hamı tanıyır".
"Aqolli həmişə mənimlə baş məşqçiləri Qurban Qurbanov haqda danışardı. O deyirdi ki, güclü mütəxəssis, yaxşı insandı və komandanı oyunlara psixoloji baxımdan çox yaxşı hazırlayır. Onunla heç vaxt qarşılaşmasam da, Aqollinin sözlərinə əsasən onun necə güclü məşqçi olduğunu bilirəm".
Albaniyalı futbolçu Ağdam klubunun ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarından da söz açıb: "Ümid edirəm ki, ağdamlılar bu görüşdə də qələbə qazana və uğurlu çıxışlarını davam etdirə biləcəklər. Şübhəsiz ki, Aqollinin "Qarabağ"dakı çıxışı məni sevindirir. O, komandasının aparıcı futbolçularından biri hesab olunur. Bu da Ansinin güclü futbolçu olmasından xəbər verir. AÇ-2016-da da kapitan sarğısı ona təsadüfən verilməmişdi".
Duronun sözlərinə görə, albaniyalı futbolçular arasında "Qarabağ"ı gücləndirə biləcək daha çox futbolçu tapmaq olar: "Albaniya yığmasının əksər üzvləri "Qarabağ"da oynaya, bu klubu gücləndirə bilər. Uşaqlar Fransadakı Avropa çempionatında da özlərini yaxşı tərəfdən göstərə bildilər. Ağdam klubunun hazırda hansı mövqelər üzrə güclənməyə ehtiyac duyduğunu deyə bilmərəm. Amma albanlar komandanızı gücləndirə bilərlər".
Aqollinin həmyerlisi Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da qiymət verib: "Azərbaycanın Norveçlə oyununa baxmışam. Yığmanız çox yaxşı təsir bağışladı. İndi turnir cədvəlində üst pillələrdə qərarlaşıblar. Albaniya yığması da AÇ-yə böyük sürprizə imza ataraq vəsiqə qazanmışdı. Niyə sizin yığmanız da DÇ-yə vəsiqə qazanmasın ki? Yığmanızın devizinin "Niyə də yox" olduğunu da eşitmişəm. Mən də eyni sualı vermək istərdim. Yığmanıza uğurlar arzuayıram. Hesab edirəm ki, bu komanda Robert Prosineçkinin rəhbərliyi altında daha böyük uğurlar əldə edə bilər".
