Qara Qarayev: Meydanda edilən hər hansı səhv bizi kubokdan edə bilərdi
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 5:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Bizim üçün vacib oyun idi. "Səbail”in futbolçuları bizə çətinlik yaradırdı. İlk hissənin başlanğıcında bunu hiss etdik. Ötən il də kubok oyununda ilk mərhələdə çətinlik yaşadıq. Rəqib yaxşı müdafiə olunurdu, qol vura bilmirdik. Səhvsiz başlamaq istəyirdik. Əsas odur ki, qalib gəldik. Məqsəd bu mərhələni keçmək idi. Tək oyunlu qarşılaşmalara hazırlaşmaq çətin olur. Meydanda hər hansı bir səhv səni kubokdan edə bilər. Eşitdiyimə görə, "Qəbələ” də bu gün 2:2 bərabərə qalıb və penaltilərdə mərhələ keçə bilib. Birinci diviziondan gələn komandalar Premyer Liqa klublarına "diş"ini göstərməyə çalışırlar. Bu da normal haldır. Bizə verilən tapşırığı yerinə yetirdik. Bu qarşılaşmadan da üzüağ çıxdıq. Reallıq budur ki, Premyer Liqa və I divizion arasındakı fərq böyükdür. Düşünürəm ki, bu, həm maddiyyat, həm də strukturla bağlı problemdir. Aşağı dəstə komandalarında struktur yoxdur. "Səbail” bu il Premyer Liqaya vəsiqə qazanıb heyətini daha da gücləndirər. Yaxşı nəticə qazanarlar".
