Rahid Əmirquliyev: Fiorentinanı məğlub edə bilərik
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail"lə oyundan sonra jurnalistlərə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Gözlənildiyi kimi, asan qələbə qazandınız...
- Asan oyunlar olmur. Bütün matçlara olduğu kimi, "Səbail"lə qarşılaşmaya da ciddi hazırlaşmışdıq. Qalib gəlib mərhələ adlamaq istəyirdik. Buna nail olduğumuz üçün şadam.
- Amma qol vuran futbolçularınız heç buna sevinmirdi...
- Deməzdim ki, vurduğumuz qollara sevinmirdik. Ola bilsin kiminsə mimikası dəyişməyib. Buna fikir vermədim. Ancaq özüm həmişəki kimi qola sevinirdim. Hər qola da komanda olaraq sevinirdik.
- Növbəti mərhələdə "Sumqayıt"la qarşılaşacaqsınız...
- Bu matçdan öncə bizi çətin oyun - Avropa Liqasında "Fiorentina" iə sınaq gözləyir. Ona yaxşı hazırlaşmalıyıq. Bundan sonra diqqətimizi "Sumqayıt"la kubok matçına yönəldəcəyik. Bizim üçün fərqi yoxdur ki, bu, çempionat, yoxsa kubokdur. "Fiorentina" ilə matç öncəsi yaxşı oyun oldu. Baş məşqçi bir sıra futbolçulara şans verdi, onları yoxladı. Bu sınaq öncəsi yaxşı matç oldu, çoxlu qol vurduq.
- Baş məşqçiniz niyə Avroliqa oyunları öncəsi futbolçulara müsahibə verməyə qadağa qoyur?
- Ola bilər ki, futbolçunun ancaq oyunu düşünməsini istəyir. Bunu Qurban Qurbanovun özündən soruşsanız, daha yaxşı olardı. Qadağa qoyubsa, yəqin nəsə var. Düzünü desəm, mənim üçün müsahibə vermək problem deyil.
- "Qarabağ" "Fiorentina"nı məğlub edəcək gücdədirmi?
- Çox çətin olacaq. Güclü rəqibdir, ancaq futbolda mümkün olmayan şey yoxdur. Çalışacağıq ki, qalib gələk.
- "Fiorentina" növbəti mərhələyə vəsiqəni əldə etməyib. Etsəydi, "Qarabağ"a daha asan olardı...
- Ola bilər. Onda başqa heyət gələcəkdi. Ancaq yenə də bizim üçün fərqi yoxdur. Biz öz oyunumuzu oynamaq və qrupdan çıxmaq istəyirik.
- "Fiorentina" ilə matça vaxt azaldıqca təzyiq artırırmı?
- Təzyiq onsuz da var. Tarix yaza bilərik. Ən vacib oyunlardan biridir. Buna rəğmən, sakit tərzdə yaxşı hazırlaşmalıyıq. Əlbəttə, oyuna yaxşı köklənmək üçün təzyiqi kənara qoymalıyıq.
- "Xəzər Lənkəran"da səninlə birgə oynamış 2 futbolçu - Şəhriyar Xəlilovla braziliyalı Tyaqu Xesus dünyalarını dəyişdi. Bu, sənə necə təsir göstərdi?
- Çox pis oldum. Allah rəhmət eləsin, ailələrinə səbr versin Bu, həyatdır, hər insanın başına gələ bilər. Mənə çox pis təsir etdi. Şəhriyarla çox yaxın idim, dostum idi.
