Jayro: Qələbə qazansaq da, oyunumuz alınmadı
"Neftçi"nin müdafiəçisi Jayro Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şərurspor"a qarşı oyundan (2:0) sonra azerisport.az saytının da suallarının cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Bu mərhələdə cütün taleyi bir oyunda həll olunduğundan, meydana yalnız qələbə üçün çıxmışdıq. Əsas odur ki, mərhələ adladıq. Amma oyunumuz alınmadı. Çoxlu qol vəziyyətini boşa verdik. Dəqiqlik çatışmırdı.
- Komandalar arasında səviyyə fərqi çoxmu böyük idi?
- Hansı rəqibə qarşı oynadığımızı bilirdik. Əlbəttə, fərq böyük idi. Amma arxayınlıq yox idi.
- Nə dəyişdi ki, sizi əvəzedici komandadan geri qaytardılar?
- "Neftçi"nin oyunçusuyam. Məşqçi necə istəyirsə, elə də edirəm. Səbəb sadədir. Fiziki cəhətdən zəif idim, artıq çəkim var idi. Artıq fiziki çatışmazlığı aradan qaldırmışam. İndi özümü daha yaxşı hiss edirəm. Ona görə də məni geri qaytardılar. İstənilən halda məşqçinin qərarına hörmətlə yanaşıram.
- Sizi əvəzedici komandaya göndərəndə işinizə məsuliyyətlə yanaşmadığınız qeyd edilirdi...
- Əslində isə elə deyil. Mən həmişə oyunda maksimum gücümü qoyuram. Oyundan öncə özümü necə hiss etdiyimi təsəvvür edə bilməzsiniz.
- Kolumbiyadakı təyyarə qəzasında dünyasını dəyişən həmyerliləriniz arasında tanışınız var idi?
- İlk növbədə onu qeyd edim ki, bu, bütün dünya futbolu üçün çox böyük bir faciədir. Belə bir hadisə hər bir kəsin başına gələ bilər. Orada tanıdığım futbolçular var idi. Hətta bəzisinə qarşı oynamışdım. Hər birinə başsağlığı verirəm.
- Belə şeylər sizi təyyarədən istifadə etməkdən çəkindirmir?
- Qismət necədirsə, elə də olur. Hətta piyada gedərkən də həyatını itirə bilərsən.
