Ruslan Abışov: Onlar da bizim kimi iddialıdır
"İnter"in müdafiəçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyundan (5:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Kubokda ilk oyunumuz idi. İlk yarıda motivasiya o qədər də yaxşı deyildi. Amma yaxşı ki, erkən qol vurduq. Bu, bizdə özünəinamı geri qaytardı. Çünki belə rəqiblərlə oyunlarda erkən qol vurmaq vacibdir. Belə olan halda oyun da yaxşı gedir, rəqib müdafiəsində boşluqlar çox olur.
- Öz oyununuzu necə qiymətləndirərdiniz?
- İkinci hissədəki oyunumuz xoşuma gəldi. 4 qol vurduq. Artıq bu oyunu unutmaq lazımdır.
- Birinci Divizion klubundan qol buraxmaq üzücü olmadı?
- Xeyr, bu, normaldır. 5:0-dan sonra komanda sakitləşdi. Əsas qələbədir.
- Bu oyunda dubl etdiniz...
- Bu qollarda bütün komandanın əməyi var. Kimin qol vurması önəmli deyil. Əsas komandanın qələbə qazanması, kollektivdə atmosferin yaxşı olmasıdır. Bu, çox vacibdir.
- Premyer Liqa və divizion klubları arasındakı səviyyə fərqi hiss olunurdu?
- Rəqibimiz taktiki cəhətdən yaxşı oynadı. Sadəcə, ikinci yarıda vurduğumuz qollar onları "sındırdı". "Qaradağ Lökbatan" həmişə Premyer Liqa klubları üçün başağrısı olub.
- 1/4 finalda "Şahdağ" və ya "Kəpəz"lə qarşılaşa bilərsiniz. Hansı ilə oynamaq istərdiniz?
- Proqnoz verməyə dəyməz. Məncə, "Kəpəz" 1/4 finala çıxmağa 90 faiz daha yaxındır. Onlar da bizim kimi iddialıdır.
- Qışda "Neftçi"yə keçəcəyiniz deyilir...
- Bu barədə danışmaq istəmirəm. Qarşıda kubok və çempionat oyunları var. Bu oyunlardan sonra "Neftçi" barədə danışmaq olar. İndi ancaq qələbəmiz haqda düşünürəm.
