Bəhmən Həsənov: İstefa versəm də, rəhbərlik hələ qəbul etməyib
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-a qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İki autsayderin duelidir. AZAL Premyer Liqada, biz isə Birinci Divizionda son pillələrdəyik. Amma bu görüşdə bizə daha çətin olacaq. Çünki danışılmış oyunlarla əlaqədar yeddi futbolçumuz müvəqqəti olaraq futboldan kənarlaşdırılıb. Əsasən müdafiə xəttimizdə problemlər var. Bu qədər oyunçumuzun cəzalanacağını gözləmirdim. Bu, demək olar ki, bütöv bir heyətdir. Onların arasında hətta cəmi bir oyunda meydana çıxan da var. AFFA-nın məlum qərarından sonra dərhal istefa verdim. Amma rəhbərlik hələ də istefamı qəbul etməyib. Buna görə mən də məsuliyyət daşıyıram. Belə bir vəziyyətdə komandanı motivasiya etmək çətindir. Problem çoxdur".
