Toğrul Erat: Milliyə dəvət almağı mən də çox istəyirəm, amma...
Almaniyanın "Duysburq" klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın azerisport.az saytına müsahibəsi
- "Duysburq"da işləriniz necə gedir?
- İndi hər şey qaydasındadır. Liqa 3-də turnir cədvəlinə liderlik edirik. Ümid edirəm ki, belə də davam edəcəyik. Sona qədər zirvədəki yerimizi qorumaq və ikinci Bundesliqaya yüksəlmək istəyirik.
- Komandanızın aparıcı oyunçularından birisiniz. Bəs özünüz bu klubdakı perspektiviniz barədə nə düşünürsünüz?
- Daha çox oynayacağıma və tez-tez qol vuracağıma ümid edirəm. Daha yaxşı oynamaq istəyirəm. Mənim üçün bu, çox vacib məqamdır.
- Qışda başqa kluba keçmək barədə düşünmürsünüz?
- Yayda digər klublardan da təkliflər var idi. Amma "Duysburq" mənə digərlərindən daha çox maraq göstərdi. Ona görə də hazırda bu komandanın uğurları barədə düşünürəm.
- "Duysburq"da mütəmadi oynasanız da, Azərbaycan yığmasına dəvət almırsınız...
- Milliyə dəvət almağımı özüm də çox istəyirəm. Amma Robert Prosineçki hələ mənə dəvət göndərmir. Ümid edirəm ki, növbəti toplanışlarda mənə də dəvət göndərər. Buna çox sevinərəm.
- Millimizin DÇ-2018-in seçmə mərhələsindəki oyunlarını izləyirsinizmi?
- Ev oyunlarına baxmışam. Fikrimcə, Azərbaycan yığması evdə çox yaxşı oynayır. Şimali İrlandiya ilə səfər oyununda da xal qazana bilsəydilər, əla olardı. Amma bu, alınmaı.
- Komandamız DÇ-2018-in final mərhələsinə vəsiqə qazana biləcəkmi?
- Buna nail olmaq çox çətin görünür. Amma Azərbaycan yığmasının böyük potensialı var. Seçmə mərhələnin qarşıdakı oyunları komandamız üçün çox vacibdir. Allah eləsin ki, növbəti oyunlarda da müsbət nəticələr qazanaq və qrupdan çıxmaq şansımız çox olsun.
