Fərrux İsmayılov: Neftçiyə Almeyda və Reynaldo səviyyəsində legionerlər lazımdır
"Neftçi" və "Qarabağ"ın sabiq hücumçusu Fərrux İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"nin üzləşdiyi indiki vəziyyəti nə ilə izah edə bilərsiniz?
- Klubun niyə bu vəziyyətə düşdüyünü deyə bilmərəm. Çünki klubun içərisində deyiləm, hər şeydən xəbərim yoxdur. Görünür, mövcud problemlər vəziyyəti bu həddə gətirib çıxarıb.
- Qış fasiləsində bu komandada dəyişiklik çoxmu vacibdir?
- Bəli, qış fasiləsində heyətdə nəyisə dəyişmək lazımdır. Legionerlər lazımdır. Vəziyyətin pis olmasında səbəblərdən biri də yaxşı yerli oyunçuların az olmasıdır.
- Mövsümün əvvəlində dəvət olunan legionerlər saxlanılmalıdırmı?
- Kimi saxlayıb, kimi göndərməyə Elxan Abdullayev qərar verəcək, bu, onun işidir. Amma elə etmək lazımdır ki, bir-iki oyundan sonra legionerlər indikilərin vəziyyətinə düşməsinlər. "Neftçi"yə Riçard Almeyda və Reynaldo səviyyəsində legionerlər lazımdır.
- Komanda 13 oyundan 10-unda uduzub...
- Elə də yaxşı göstərici deyil. Məğlubiyyət, əlbəttə, pisdir. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Elxan Abdullayev komandanı xilas edə bilər, ya əcnəbi lazımdır?
- Əcnəbi məşqçini nə edirlər? Azərbaycanlı məşqçilərin əcnəbilərdən nəyi pisdir? Elxan Abdullayevin təcrübəsi var. O, rəhmətlik Ruslan Abdullayevin oğludur. Onun "Neftçi"ni bu vəziyyətdən çıxaracağına əminəm. Hara getdiyini də yaxşı bilirdi.
- Bir neçə gün öncə baş tutan "Qarabağ" - "Qəbələ" matçı ilə bağlı nə deyə bilərsiniz?
- Bəli, "Qarabağ" "Qəbələ"yə qalib gəldi. Amma ağdamlılar rəqibini cəmi 3 xal qabaqlayır. Futbolda istənilən nəticə mümkündür. "Qəbələ"nin də çempionluq şansı yüksəkdir.
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sı ilə həlledici oyunundan nə gözləyirsiniz?
- "Qarabağ" pis çıxış etmir. Amma hər şeyi son tura saxladılar. "Slovan"la oyunda komandaya çox inansam da, alınmadı. Amma futbolda hər şey mümkündür. "Fiorentina" ilə oyun asan olmayacaq. Lakin müsbət nəticə qazanmaq olar.
