Əfqan Talıbov: Neftçi ilə oyunda sensasiya edə bilərik
"Şərurspor"un baş məşqçisi Əfqan Talıbov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- "Neftçi" hansı vəziyyətdən olmasından asılı olmayaraq, adlı-sanlı klubdur. Bizim klub üçün onlarla qarşılaşmaq fəxrdir. "Şərurspor" indi yaxşı formadadır. Birinci Diviziondakı son üç oyunda qələbə qaanmışıq. Seriyanı davam etdirmək istəyirik. Xüsusilə də "Zaqatala" üzərindəki qələbədən sonra komandamızda ab-hava çox yaxşıdır.
- Premyer Liqa ilə Birinci Divizion arasındakı ciddi səviyyə fərqini nəzərə alsaq, şansınızın az olduğu ilə razısınız?
- Biz kubokda formal iştirakçı olmaq istəmirik. Yaxşı futbol sərgiləmək istəyirik. Bu mərhələ bir oyundan ibarətdir. Qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.
- Deməli, yaxşı günlərini yaşamayan "Neftçi"nin bu durumundan istifadə etmək istəyirsiniz...
- Rəqib Premyer Liqa təmsilçisidir, heyətində hətta yığmamızda çıxış edən oyunçular var. Onlar bizdən güclüdür. Amma biz də öz gücümüzü göstərmək istəyirik. Fikrimcə, sensasiya edə bilərik.
- Buna nəyin sayəsində nail olmaq istəyindəsiz?
- Yaxşı komandamız var. Fərdi ustalıq rəqib futbolçulardakı qədər yüksək səviyyədə olmasa da, komanda oyunu sayəsində onlara qarşı mübarizə apara bilərik. Bir oyundur, hər şey ola bilər.
- Sizin iki futbolçunuz da danışılmış oyunlarla əlaqədar futboldan kənarlaşdırılıb...
- Bütün oyunlarımızın videoyazısı var. Cari mövsümdəki ən pis oyunumuzu bu mövsüm səfərdə "Ağsu"ya qarşı keçirmişik, 0:4 hesabıyla uduzmuşuq. Futbolçularımız həmin oyunu sata bilməz. Samir Musayevlə Mehdi Rəsulovu yaxşı tanıyıram. Hər ikisinin komandada avtoriteti var idi. Əsas heyət oyunçularımızdır. Onların günahsız olduğunu isbatlamaq üçün əlimizdən gələni edəcəyik.
- Deməli, onlar günahsızdır?
- Rəhbərliyimiz hələ həvəskarlar liqasından etibarən yaxşı klub formalaşdırmağa çalışır. Bu klub Azərbaycan futbolunda öz yerini tutacaq. Yaxşı infrastrukturumuz var. Futbolçular da maaşlarını vaxtında alırlar.
- "Şərurspor" neçənci yeri tutmağa iddialıdır?
- Klub prezidentinin hədəfi güclü komanda yaratmaqdır. Premyer Liqada oynamaq, Naxçıvan bölgəsini layiqli təmsil etmək istəyirik. Mən futbolçularıma cavabdehəm. Onlar təmizdirlər. Mən onları ailəsinə qədər tanıyıram və yaxşı bilirəm ki, onlar belə işlərə qarışmazlar.
