Rəşad Sadıqov böyük riskə getdi
"Qarabağ"ın zədədən əziyyət çəkən kapitanı Rəşad Sadıqov müalicəsini dayandırıb. Azerisport.az xəbər verir ki, xeyli müddətdi zədəli olan futbolçu Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ı ilə səfər oyunundakı məğlubiyyətindən (0:3) sonra risk etməyə qərar verib.
Belə ki, o, son turda İtaliya "Fiorentina"sı ilə oyunda iştirak etməyə hazırlaşır. Halbuki, Rəşadın ili başa vurduğu bildirilirdi. O, hətta Almaniyanın Münhen şəhərinə yollanıb, orada həkim nəzarəti altında müalicə almalı idi. Amma komandanın heyətlə bağlı ciddi itkilərinin olması Sadıqovu fərqli qərar qəbul etməyə məcbur edib.
Qeyd edək ki, bu, futbolçunun sağlamlığı üçün çox ciddi riskdir. Lakin Ağdam klubu bu oyunda yeni tarix yaza bilər. Sadıqov da komandasının da ilk dəfə Avroliqanın pley-offuna vəsiqə qazanması naminə belə bir fədakarlığa hazırdır.
