Bədavi Hüseynov: O, qeyri-etik jest edəcək biri deyil
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə qarşı ötən gün baş tutan qalmaqallı oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Ağır oyun olacağını gözləyirdik. "Qəbələ" çox yaxşı futbol oynadı, bütün oyun ərzində bizi təzyiqdə saxlamağa çalışdı. Bu oyuna qədər uduzmamışdılar. Aydın məsələdir ki, bu matça da yaxşı hazırlaşmışdılar. Ümid edirəm ki, azarkeşlərin də ürəyincə olan oyun oldu.
- Əzmkar qələbə komandanızın xarakter göstərməsinin nəticəsi idi, ya ustalığın?
- "Qəbələ" kimi rəqiblərlə oyunlarda xarakter göstərən komanda qalib gəlir. Uşaqlar sonadək mübarizə apardılar və son saniyələrdə qələbə qolunu vurdular.
- Rəhim Həsənovun hakimliyi xüsusilə rəqib düşərgədə böyük narazılıqla qarşılandı. Sizcə, referi doğrudan çox səhv etdi?
- "Qəbələ"nin yerində olsaydıq, biz də narazı qalardıq. Uduzmağı heç kim istəmir. Amma Rəhim bütövlükdə normal oyun idarə etdi. Təbii ki, yalnız mübahisəli penalti qərarını çıxmaq şərti ilə.
- Deməli, orada qayda pozuntusu olmadığını düşünürsünüz?
- Oyunun gedişində topun Vernidubun əlinə dəydiyini düşünürdüm. Amma sonradan oyunun videotəkrarına baxanda gördüm ki, hakim penalti təyin etməklə səhvə yol verib.
- Oyundan sonra iki komandanın futbolçuları arasında dava düşdü. Qonaqların kapitanı Rəşad Sadiqov iddia edir ki, qapıçınız Şahruddin Məhəmmədəliyev onların ünvanına xoşagəlməz jest edib...
- Şahruddini yaxşı tanıyıram. O, elə hərəkətə yol verəcək biri deyil. Həmin anda emosiyalar ən yüksək həddə idi, hamı sevinirdi. "Qəbələ"nin futbolçularına hörmətimiz var, çoxu ilə dostuq. Biz onlara hansısa pis bir jest göstərmərik.
- Qurban Qurbanov isə Məhəmmədəliyevin cəzalandırılmasının mümkünlüyünü bildirib...
- O da Şahruddini yaxşı tanıyır. Başa düşür ki, bu, emosional bir jest idi və qola sevinirdi. Burada rəqibə hansısa qeyri-etik jestdən söhbət gedə bilməz.
- Müdafiənin mərkəzində Elvin Yunuszadə ilə oynamaq çətin deyildi?
- Eyni mövqedə ilk dəfə oynamırdıq. O, həmişə döyüşkənliyi ilə seçilib. Bir-iki səhvə görə Elvini tənqid etməyə dəyməz. Hamımız səhv edirik.
