Fizuli Məmmədov: Onun yerinə olsaydım, ürəyim dayanardı
Azərbaycan yığmasının sabiq oyunçusu Fizuli Məmmədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərdən söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun alındı. Əsl derbi atmosferi var idi. Komandalar özlərinə layiq oyun göstərdilər. Sürət, futbolçuların keyfiyyəti yüksək idi. Matçın sonundakı gərginliyə gəlincə, belə oyunlarda bu cür hallar olur. "Qarabağ" ustalığının və özünəinamın sayəsində qələbə qazandı. Baş məşqçi də lazım olan müdaxilələri də bildi.
Penalti epizoduna gəlincə, top öncə futbolçunun üzünə, sonra əlinə dəymişdi. Ancaq hakimi də başa düşmək lazımdır ki, o, ani vəziyyətdə qərarlar qəbul edir. Bu, böyük məsuliyyət tələb edir. Düşünmürəm ki, o, burada hansısa qərəz nümayiş etdirdi, sadəcə, səhvə yol verdi.
Rəşad Sadiqova gəlincə, onu yaxşı başa düşürəm. Komandası üstün olduğu oyunda məğlubiyyətlə üzləşdi. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev gəncdir, o, qəsdən heç nə etmədi, sadəcə, qola sevinirdi. Ola bilər ki, jesti xoşagəlməz epizod kimi göründü. Amma mən yenə də onun qola sevinmək üçün elə etdiyini düşünürəm. Son saniyələrdə vurulan qola görə sevinmək normaldır. Onun yerinə olsaydım, bəlkə də mənim ürəyim dayanardı".
