Tahir Süleymanov: Hakim səhvləri matçın nəticəsinə birbaşa təsir etdi
Sabiq FİFA referisi Tahir Süleymanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Qəbələ" matçının hakimliyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunlrı söyləyib:
"Hakim səhvi normal haldır. Xüsusilə də belə oyunlarda. Hər şey yaxşı alındı. Hər iki komanda bir-birinə hörmətlə yanaşdı. Hakimə də təzyiq göstərilmədi. Yəni oyunun gedişatı hadisələrin o cür axarına işarə etmirdi. Amma bir vacib məqam var. Hakimlər də futbolçular kimi yorula bilirlər. Futbolçu bir turda bir dəfə meydana çıxırsa, bizim hakimlər bir turda iki oyunda çalışır. Məsələn, hansısa referi bir oyunda baş hakim olur, sabah turun digər matçında köməkçi kimi təyinat alır. Bu da hakimlərin psixoloji cəhətdən yorulmasına gətirib çıxarır. Bir turda cəmi dörd oyun olur. Necə olur ki, dörd oyuna yetərli qədər hakim tapılmır? Bax hakimlər buna görə bu qədər səhvə yol verirlər".
Süleymanov penalti və digər mübahisəli epizodlar barədə də danışıb: "Ən mübahisəli məqam kimi penalti təyinatı göstərilir. Birmənalı olaraq bəyan edirəm ki, orada heç bir penalti yox idi. Orada qayda pozuntusundan heç söhbət də gedə bilməz. Top futbolçunun üzünə dəyib, sonra səkərək əlini toxunur. Başla əl arasındakı məsafə isə çox azdır. Buradakı hərəkət təbiidir. Belə epizoda görə penalti təyin etmirlər. Top öncə ələ, sonra başa dəysəydi, o zaman penaltidən söhbət gedə bilərdi. Hətta top ələ və başa eyni vaxtda dəysəydi, yalnız o halda penalti təyin etmək olardı".
O, "Qarabağ"ın əlavə olunmuş 8-ci dəqiqədə qələbə qolunu vurmasına da toxunub: "Rəhim Həsənov matça 4 dəqiqə əlavə etdi. Qol isə əlavə olunmuş 8-ci dəqiqədə vuruldu. Bu, doğru deyil. Hətta qoldan sonra da hakim oyunu dayandırmadı. O, komandaları mərkəzə dəvət etdi. Deməli, oyunu başa vurmamışdı. O, kənar şəxsləri meydandan kənarlaşdırmalı iid. Amma bunu etmədən oyunu bitirdi. Bu, hakimin səhvidir. Hakim bir komandanın matç başa çatmadan meydanı tərk etdiyini görürsə, özləri də meydançadan çıxmalıdır. Oyunu davam etdirməyən komandaya isə texniki məğlubiyyət verilməlidir".
"Hakim səhvləri bu oyunun nəticəsinə birbaşa təsir etdi. Riçard Almeydan meydandan qovulandan sonra kənarda durub oyuna baxırdı. Bu oyunu altı hakim və hakim-inspektor izləyirdi. Onların heç biri braziliyalı futbolçunun tribunaya göndərilməsini tələb etmədi. Meydandan qovulduğu halda o, komanda ilə qolu bayram edirdi. Bu, biabırçılıqdır. Bütün bunlar isə hakimlərin yorğun olmasından, bir turda iki oyuna çıxmasından irəli gəlir".
