Asif Məmmədov: Görmədiyi epizoda görə penalti verirsə, deməli, qərəz var
“Qəbələ”nin futbolçusu Asif Məmmədov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a yenilgidən sonra (1:2) jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Qalmaqalla başa çatan oyun barədə sizin fikirləriniz necədir?
- Hər şey göz qabağında idi. Çox gözəl oyun keçdi. Yaxşı hakim olsaydı, daha da yaxşı oyun olardı. Amma belə hakimliklə Azərbaycan futbolu qabağa gedə bilməz.
- Hakimliklə bağlı əsas narazılığınız nəyədir?
- Mənim üçün ən az potensialı olan referi Rəhim Həsənovdur. Hansı oyuna düşürsə, “bardak” açır. Düz onun yanındayam, penaltini verəndən sonra köməkçisindən soruşur ki, sən görmədin, harasına dəydi? Deyirəm ki, görmürsən bizim oyunçunun ağzı qanayıb? Epizodu görməmisənsə, niyə penalti verirsən? O da heç nə demir. Görməmisənsə, demək ki, burada qərəz var.
- Oyunda baş verən gərginliklə bağlı nə deyə bilərsiniz?
- Anlaşılmazlıq oldu. "Qarabağ"ın bəzi oyunçuları düzgün olmayan hərəkətlər etdi. Udmusan, lap yaxşı. Belə hərəkətlər lazım deyil. Bunu hansısa azarkeş etsə, başa düşmək olar. Futbolçu edirsə, demək, onun səviyyəsi də ora qədərdir. Amma bizim bütün etirazlarımız hakimlə bağlı idi. Çox səviyyəsiz hakimlik gördük.
- Bu matçdan sonra növbəti oyunlara necə hazırlaşacaqsınız?
- Hazırlaşacağıq, amma bir az çətin olacaq. Öndə olduğumuz oyunda hakimin səhvindən 2 qol buraxmaq komandaya mənfi təsir göstərir.
- Sizcə, bu, “Qəbələ”ni sındırmaq üçündür, yoxsa “Qarabağ”ı önə çəkməkdən ötrü?
- Mən deyə bilmərəm. Özünüz gördünüz, fikirləşin ki, nə deməkdir.
- Rəhim Həsənovla üz-üzə gəlsəniz, nə deyəcəksiniz?
- Rəhimə nə lazımdırsa, meydanda dedim.
