Rəşad Sadiqov: Epizodu dəqiq görməyən hakim necə penalti verə bilər?
“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a məğlubiyyətdən sonra azerisport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Öncə narazı qaldığınız hakimliklə bağlı fikirlərinizi bilmək istərdik...
- Hakim bütün oyunu korladı. Belə penalti verməzlər. Penaltini verəndən sonra yan xətt hakimindən soruşur ki, harasına dəydi? Sən bunu görməmisənsə, necə penalti verirsən? Top bizim futbolçunun üzünə dəymişdi. O, hətta ağzını da göstərdi, qan idi. Danışmağın da mənası yoxdur. Həmişə belə olacaq.
- Sizcə, bu, qərəzdir, yoxsa səhv?
- Nə qədər səhv etmək olar? Belə şeylərdən sonra oynamaq da istəmirsən. Bunun səhv və ya qərəz olduğunu isə özünüz müəyyənləşdirin.
- “Qarabağ”ın ikinci qolundan sonra rəqib qapıçı Şahruddin Məhəmmədəliyevlə nəyi bölüşə bilmirdiniz?
- Dünənki uşaqdır, qolu vurmuşunuz, gedin qıraqda sevinin də. Dönüb bizim tərəfə jest edir. Mən də yaxınlaşdım ki, nə edirsən. Sözümü dedim, itələdim də. Uşaqdı, yerini bilməlidir. Bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. Belə vəziyyətdə adam eləsini döyər, hətta öldürər də. Kimdi axı o? Heç oynamırdı da. Niyə bizi təxribata çəkirdi ki?
- Bu cür gərginlikdən sonra yəqin ki, özünüzə çətin gələsiniz...
- Əlbəttə. Belə oyunlardan sonra çempionluqlar əldən gedir. Ötən il Qəbələdə qırmızı vərəqə, penalti verdi. Rəhim Həsənov niyə belə gülməli qərarları ancaq bizim əleyhimizə verir? Oyuna 4 dəqiqə əlavə edir, 90+7-də qol vururlar.
- Nə təklif edirsiniz? Bəlkə oyun yenidən keçirilsin?
- Nə bilim, bu, artıq onun öz işidir. Danışamağa dəyməz.
