Filip Ozobiç: Qarabağdan daha güclü olduğumuzu göstərə bilərik
"Qəbələ"nin xorvatliyalı yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında öncə bunları söyləyib:
"Bakı burada ən böyük şəhərdir. Bura futbolçular üçün fantastik yerdir. İlk dəfə buraya gələndə çox həyəcanlanmışdım. Bakı gözəl və komfortludur. Mənim üçün də buada futbol oynamaq daxil olmaqla hər şey idealdır. Hərdən məni küçədə tanıyanlar da olur. Amma Azərbaycanda futbol Xorvatiyadakı qədər populyar deyil".
Xorvatiyalı futbolçu Azərbaycandakı çıxışından söz açıb: "Qəbələ"də keçirdiyim 5 aydan razıyam. Fikrimcə, zamanla daha yaxşı olacaq. Öz oyunlarımın statistikasını aparmıram. Amm hərdən belə məqamlara diqqət yetirirəm və xoş məqamları görmək sevindirir. Bu tempdə də davam etmək istəyirəm".
"Rəqib qapısı qarşısında cərimə zərbələri olarkən onları mən yerinə yetirirəm. "Qarabağ"la oyunda da belə imkan olsa, yararlanmağa çalışacağam".
Ozobiçin sözlərinə görə, prinsipial qarşılaşma öncəsi heç bir təzyiq hiss etmirlər: "Üzərimizdə heç bir əlavə təzyiq yoxdur. Digər futbolçular kimi, mənim də əsas işim baş məşqçinin etimadını doğrultmaqdır. Qarşıdakı oyunda da "Qarabağ"a qalib gəlmək lazımdır. Fikrimcə, güclü komanda olduğumuzu göstərə bilərik".
O, indiki klubunu daha öncə çıxış etdiyi "Belupo" ilə müqayisə etmək istəməyib: "Bu iki klubu müqayisə edə bilmərəm. Çünki burada daha sərfəli müqavilə ilə oynayıram. Komandam isə ardıcıl ikinci mövsümdür Avropa Liqasının qrup mərhələsində oynayır. Xorvatiya klublarından "Dinamo"dan başqa heç biri belə uğurları ilə öyünə bilməz". (Slobodna Dalmacija)
