Bursaspor azarkeşləri millimizin forvarından narazıdır
Türkiyənin "Bursaspor" klubunun azarkeşləri bu komandada çıxış edən Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın oyunundan narazıdırlar. Azerisport.az xəbər verir ki, buna səbəb onun son dövrlərdə 90 dəqiqə meydanda olduğu halda, bir dənə də qol vura bilməməsidir.
Son turda Türkiyənin "Qalatasaray" klubuna 1:3 hesabıyla uduzan bursalıların forvardı sonuncu dəfə ötən mövsüm (!) qol vurub. D.Yılmazın qol vura bilmədən meydanda olduğu 540 dəqiqədə "dişsiz" oyunu fanatların səbr kasasını daşırıb. Mövsümün əvvəlini zədə səbəbindən buraxan futbolçu baş məşqçi Hamza Hamzaoğlundan son 6 oyunda start heyətdə şans görüb. Bu oyunların yalnız birində - "Alanyaspor"la görüşdə qol ötürməsi ilə yadda qalan millimizin forvardının qeyri-məhsuldarlığı artıq xüsusi diqqət çəkir.
