Orxan Əliyev: Kəpəz yaxşı klubdur, amma mənim öz hədəflərim var
"Kəpəz"in yarımmüdafiəçisi Orxan Əliyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz...
- Çətin oyun oldu. "Neftçi" indi çətin günlərini yaşasa da, yaxşı komandadır. Turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, biz də meydana qələbə üçün çıxmışdıq.
- Amma kənardan qələbəni heç də çətinliklə əldə etdiyiniz hiss olunmadı...
- Çətin idi. Çünki bakılılar elə vəziyyətdədirlər ki, hər oyunda nəyisə dəyişmək üçün əllərindən gələni edirlər.
- Kifayət qədər gözəl qol vurdunuz...
- Razıyam (gülür). Rəqib futbolçunu aldadıb, zərbə vurdum və qol oldu.
- Əsas rəqiblərinizdən biri "Zirə"nin oyunu qalsa da, hazırda dördüncü yerdəsiniz...
- Görək onlar necə oynayacaq. Dördüncü pillədə qalmağımızı istərdim.
- "Qarabağ", "Qəbələ" və "İnter"in digər rəqibləri üçün əlçatmaza çevrilməkdə olduğu görünür. Razısınız?
- İlk iki komanda bütün göstəricilərdə rəqiblərini üstələyir. Amma bu, digər komandaların hamısının dördüncü yer uğrunda mübarizə aparacağı anlamına gəlmir. Hər şey ola bilər.
- "Kəpəz"dəki mövqeyiniz sizi qane edir?
- Hazırda qane edir. Əlbəttə, özümü daha yaxşı tərəfdən göstərmək istəyirəm ki, yaxşı da təkliflər alım. Elə bir təklif olacağı halda isə vəziyyətə uyğun davranacağam.
- Deməli, "Kəpəz"ə tramplin gözü ilə baxırsınız?
- "Kəpəz" yaxşı klubdur, amma mənim də öz hədəflərim var.
- Hədəf xaricə üz tutmaqdır, ya "Qarabağ"la "Qəbələ" kimi klublardan birinə keçmək?
- (gülür) Bunu indi deyə bilmərəm. Yaxşı oynasam, belə variantların sayı daha çox ola bilər.
- Millinin baş məşqçisi Robert Prosineçki sizinlə maraqlanıbmı?
- O, məni tanıyır. Bir dəfə seleksiya xarakterli toplanışa çağırmışdı. O vaxt ölkəmizə yenicə gəlmişdi. Hər şey özümdən asılıdır. Özümü göstərə bilsəm, Azərbaycan yığmasına da dəvət ala bilərəm.
