Şahin Diniyev: İşimi itirməkdən qorxmuram
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Qələbədən həzz almaq çətindir. Klubun büdcəsi, heyətimiz kiçikdir. Son oyunlara itkilərlə çıxırıq. Bu gün futbolçular meydanda vuruşdular, çünki bizim üçün vacib oyun idi. Bu, başlanğıcdır. Hələ sabit oyun göstərə bilmirik. Qış fasiləsinə qədər mümkün qədər çox xal toplamalıyıq.
- Bir neçə gün öncə baba oldunuz. Nəvənizin ayağının sizin üçün düşərli olduğunu demək olar?
- Yeni Şahin Diniyev doğuldur. Arzu edirəm ki, nəvəmin həyatı mənimkindən heç də pis olmasın. Bu gün komandam məni sevindirdi.
- Oyundan öncə deyilirdi ki, "Kəpəz" uduzsa, siz istefaya göndəriləcəksiniz...
- Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm. Klub rəhbərliyinə hörmətim var. Öz işimdə təmizəm. Gəncəli fanatları başa düşürəm, onlar çox şey tələb edə bilərlər. Buna layiqdirlər. Amma mən öz işimi itirməkdən qorxmuram. Belə faktlara önəm versəm, çalışmağa dəyməz.
- "Neftçi"nin indiki durumu barədə nə deyə bilərsiniz?
- Bu, məni də narahat edir. "Neftçi"nin artıq bütün problemləri yoluna qoymasının vaxtı çatıb. Çünki bu, çox vaxt aldı. Komandanın öz oyun intizamı var. Amma müəyyən amillər var ki, bunu klub daxilində daha yaxşı bilirlər. İnanıram ki, "Neftçi" vəziyyətdən çıxış yolu tapacaq.
