Elmar Baxşiyev: Qəbələ uduzsa da, sanballı oyun nümayiş etdirdi
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə 1:3 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunda dönüş nöqtəsi Rikardinyonun ikinci penaltidən yararlana bilməməsi oldu. Bundan əlavə Rəşad Eyubov da lazımsız bir vaxtda qırmızı vərəqə aldı. Bütövlükdə, "Qəbələ" sanballı oyun nümayiş etdirdi. Sadəcə, belə oyunlarda hər imkandan maksimum yararlanmaq lazımdır. Oyundan sonra çox fikir söyləmək olar. Penalti elə epizoddur ki, oyunçuya psixoloji cəhətdən çox təsir edir. Görünür, qismət belə imiş. Əlbəttə, həmin anda nöqtəyə Ruslan Qurbanov yaxınlaşsaydı və qol vura bilməsəydi, o zaman da hamı niyə ikinci penaltini də Rikardinyo vurmadı deyə narazılıq edəcəkdi. Bir sözlə, artıq hər şey geridə qalıb".
