Qarabağın pley-offa çıxması üçün 2 variant
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Çexiya "Slovan"ına 3 cavabsız qolla uduzsa da, hələ də pley-offa çıxmaq şansı qalır. Azerisport.az xəbər verir ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün ən ideal nəticə son turda Bakıda İtaliya "Fiorentina"sına qalib gəlməkdir. Özü də istənilən hesabla.
Hətta Yunanıstan PAOK-u son turda "Slovan"a qalib gəlsə belə, üç komandanın 10 xalı olacaq. Belə olan halda "Qarabağ", "Fiorentina" və PAOK-un öz aralarındakı oyunların nəticəsi əsas götürüləcək ki, Ağdam klubu qrup birincisi kimi pley-offa yüksələcək.
"Qarabağ" "Fiorentina" ilə heç-heçə edəcəyi halda isə PAOK-un da "Slovan"la öz meydanında bərabərə qalması lazımdır. Belə olan halda da şəxsi görüşlərdəki üstünlüyü "Qarabağ"ı növbəti mərhələyə daşıacaq.
Azərbaycan çempionu italyanlara uduzsa, "Slovan" isə PAOK-a qalib gəlsə, üç klubun xalları eyni olacaq - 7. Belə olan halda isə "Qarabağ" pley-offa çıxa bilməyəcək. Çünki bu üç klub arasındakı şəxsi oyunlarda "Slovan" daha üstündür.
