Məhəmməd Mirzəbəyov: Son iki oyunda 6 xal toplaya bilərik
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bugünkü oyundan nə gözləyirsiniz?
- Bizi qrupun ən güclü komandası ilə oyun gözləyir. Ən yaxşı oyunumuzu göstərmək istəyirik. Yalnız belə olan halda müsbət nəticə qazana bilərik.
- Belçikadakı məğlubiyyətin (1:3) əvəzini çıxa biləcəksiniz?
- "Anderlext"i yaxşı analiz etmişik. Qarşılaşmanın startını gözləyirik. Hər şeyi oyun göstərəcək.
- Komandanız hələ də xal qazana bilməyib. Belə aqibəti gözləyirdinizmi?
- Belə qrupda oynamaq və xal toplamaq asan deyil. Düzdür, biz indiyə qədər xal toplamalı idik. Bunun üçün şanslarımız da oldu. Amma görünür bun nail olmaq üçün nəsə çatışmayıb.
- "Anderlext"in hansı futbolçusundan daha çox çəkinirsiniz?
- Mən Teodorçiklə Stançunu qeyd edərdim. Belçika klubunun oyununu onlar idarə edir.
- "Qəbələ" üçün hazırda "Anderlext"lə heç bir turnir əhəmiyyəti qalmayan Avroliqa matçı önəmlidir, ya qarşıdakı "Qarabağ"la çempionluğun taleyini həll edə biləcək oyunlardan biri?
- Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, təbii ki, "Qarabağ"la oyun daha önəmlidir. Amma hər iki oyunda uğur qazanmağımız daha gözəl olardı.
- Roman Qriqorçukun bu oyunda texniki zonada olmaması komandanız üçün problem yaratmayacaq?
- Bu, hər bir komanda üçün itkidir. Amma Qriqorçuk oyunu harada izləməsindən asılı olmayaraq, daim komandaya öz məsləhətlərini çatdırıb, bu oyunda da elə olacaq.
- "Anderlext" və "Maynts"a qalib gəlməyiniz realdır?
- Bəli, bu iki oyundan 6 xal toplaya bilərik.
- "Qarabağ" da bu gün səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşacaq. Onlardan zədəli Rəşad Sadıqovun yoxluğunda nə gözləyirsiniz?
- Bu komandada çıxış edənlər də bizim qardaşlarımızdır, onlara azarkeşlik edəcəyik, qələbə qazanmaları üçün dua edəcəyik. Əlbəttə, kapitansız bir qədər çətin olacaq. Amma "Qarabağ"n Çexiyada qələbə qazanmaq şansı var.
- "Qarabağ" pley-offa vəsiqə qazana bilsə, yeni tarix yazacaq. Belə bir tarixi "Qəbələ"nin yazmasını istərdiniz?
- Tarix hər kəs üçün önəmlidir. Əfsuslar olsun ki, bizdə bu dəfə alınmadı. Amma "Qarabağ"ın gözəl şansı var. Əminəm ki, biz onları dəstəklədiyimiz kimi, onlar da bizi dəstəkləyirlər.
- "Qarabağ"ın Çexiyadakı oyununa baxacaqsınız?
- Tanrıya "Qarabağ"ın qələbə qazanması üçün dua edəcəyəm. Ümid edirəm ki, hər şey Ağdam klubu üçün yaxşı bitəcək.
