Roman Qriqorçuk: Uğur qazanmaq şansımız var, amma böyük deyil
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
- Bu oyunun bizim üçün heç bir turnir əhəmiyyəti yoxdur. Amma Avropada hər bir matç bizim üçün böyük önəm daşıyır. Yaxşı oynamaq və müsbət nəticə qazanmaq istəyirik.
- Fransa "Sent-Etyen"inə qarşı keçirdiyiniz oyunda komandanızın daha yaxşı təsir bağışladığını demişdiniz. Həmin oyun futbolçulara əlavə inam qazandıra bilərmi?
- Bütün rəqiblərimizin bizdən güclü olduğunu, fərqli səviyyədə olduğumuzu anlayırıq. Hətta onların oynadıqları çempionatlar da bizimkindən güclüdür. Bu oyunda uğur qazanmaq şansımız var, amma böyük deyil. Hər bir futbolçumuz yaxşı oyun sərgiləsə, uğur qazana bilərik. Həmçinin, "Sent-Etyen"lə oyundakı səhvləri təkrarlamamalıyıq.
- Heyətlə bağlı nə qərara gəlmisiniz?
- Hələ hansısa oyunda itkisiz heyətlə oynaya bilməmişik. Sabah da Sergey Zenyov olmayacaq. Qalanları yaxşıdır və ümid edirəm ki, biz istəyən formadadırlar. Yeganə müsbət məqam bu oyuna ən az itki ilə çıxmağımızdır. Sabah əvvəlki oyunlard az şans qazanan futbolçular oynayacaqlar. Onlara şans vermək və nəyə qadir olduqlarını görmək istəyirik.
- Bu oyun üçün motivasiya tapmaq çətin olmayacaq?
- Motivasiya yetərincədir. Mənə motivasiyası olmayan futbolçu maraqsızdır. Həmin oyunçu mənim gözümdə düşər. Belə bir şeyi təsəvvür edə bilmirəm. Odur ki, sabah da bizdə motivasiya yüksək səviyyədə olacaq.
- Sabah da texniki zonada olmayacaqsınız. Adətən, komandanı meydana Sənan Qurbanov çıxaranda siz uduzmursunuz....
- Ümid edirəm ki, bu ənənə davam edəcək (gülür).
