Arif Əsədov: Qarabağ Çexiyada istənilən nəticəyə imza atmağa qadirdir
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" mərhələ adlamaq şansını itirib. Amma komandanın nəhayət xal qazanması yaxşı olardı. Klubumuzun xal ehtiyatının sıfıra bərabər olmasını istəməzdim. Çətin olacaq. Çünki Belçika "Anderlext"i Bakıya motivasiyalı gəlib. Roman Qriqorçuk bu görüşdə əvvəlki oyunlarda az oynayanlara şans verə bilər. Fikrimcə, "Qəbələ" futbolçuları da meydana az motivasiya ilə çıxmayacaqlar.
"Qarabağ"ın qrupunda isə vəziyyət gərgindir. Burada hətta Çexiya "Slovan"ının da qrupdan çıxmaq şansı qalır. Bu da Ağdam klubunun işini çətinləşdirir. Amma ən azı bir xal "Qarabağ"ı növbəti mərhələyə yaxınlaşdıracaq. Qələbə təbii ki, məsələnin tam həlli demək olacaq. Bu, bütövlükdə Azərbaycan futbolu üçün böyük bir şansdır. "Qarabağ" Çexiyada istənilən nəticəyə imza atmağa qadirdir".
