23 noyabr 2016 00:40
Stiv Olfers: Qəbələnin bu dəfə yaxşı nəticə qazanacağına inanıram
"Qəbələ"nin sabiq müdafiəçisi Stiv Olfers keçmiş komandasının Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Belçika "Anderlext"inə qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin "Anderlext"ə qalib gələcəyinə ümid edirəm. Amma təbii ki, buna nail olmaq çox çətin olacaq. Çünki rəqib qrupun liderlərindəndir. "Anderlext" hələ qrupdan çıxmağı təmin etməyib. Ona görə də Bakıda var gücünü qoyacaq ki, pley-offa çıxsın. Belçika klubunun yaxşı heyəti var. "Qəbələ" ilk dörd oyununda xal qazana bilməsə də, qrupdakı hər rəqibinə qarşı yaxşı müqavimət göstərə bilib. İnanıram ki, bu dəfə yaxşı nəticə də qazana biləcəklər. Qarşılaşmanı ilk dəqiqələrdən canlı izləməyə hazırlaşıram".
