Səməd Qurbanov: O, baş verənlərdən çox narazı idi
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Bəhram Bağırzadənin istefasını necə qarşıladınız?
- O, bundan öncə mənə zəng etdi. Onu fikrindən daşındırmağa çalışdım. Amma bir neçə dəfə üzr istəyərək bunun öz qərarı olduğunu bildirdi. Baş verənlərdən çox narazı idi.
- Sizə elə gəlmir ki, MŞ üzvlərindən birinin getməsi digərlərini də zərbə altında qoyur?
- Bəli, elədir. İndi biz zərbə altında qalmış oluruq. Amma belə bir anda getmək doğru deyil. Mən ona yenə bu qərarı üzərində düşünməyi, klubu belə bir zamanda atmamağı məsləhət gördüm. Biz hamımız "Neftçi"nin uğurunu istəyirik.
- "Neftçi" bu mövsüm ikinci dəfə "Sumqayıt"a uduzdu (0:2). Səbəb nədir?
- "Neftçi"yə qarşı bütün rəqiblər xüsusi hazırlaşır, yaxşı oynayırlar. "Sumqayıt"dan elə oyun gözləmirdim. Onlar meydana qələbə üçün çıxmışdılar. Amma sanki bizim futbolçularda elə istək yox idi.
- Bəlkə "Sumqayıt" yaxşı oynamadı, "Neftçi" pis oynadı...
- Fakt ondan ibarətdir ki, biz hələ toparlana bilməmişik. Kollektiv oyun, komandanı arxasınca apara biləcək lider yoxdur.
- Məşqçilər korpusunda, rəhbərlikdə, heyətdə edilən bütün dəyişiklərə rəğmən, komanda bir ucdan uduzur...
- Əsas ifaçılar dəyişməz olaraq qalır. Komanda elə əvvəldən uduzduğu futbolçularla çıxış edir. Gördüyünüz kimi, heyətlə bağlı çatışmazlıqlar var. Elxan Abdullayev çalışır, amma onun əlinin altında lazım olan material yoxdur. Qışa kimi dözmək lazımdır. Ondan sonra dəyişiklik olacaq.
- Bir qədər də belə davam etsə, komanda son pilləyə düşəcək...
- Bunun baş verəcəyini düşünmürəm. Bu il baş tutacaq son iki tur çox vacibdir. Komanda hazırda "Kəpəz"lə oyuna hazırlşaır. "Neftçi" bu rəqiblə pis oynamır. Ən yaxşısına ümid edəcəyik.
- MŞ son dövrlər gec-gec toplanır. Bu passivlik nədən irəli gəlir?
- Deyə bilmərəm. Ola bilər ki, yaxın günlərdə toplanaq.
- Bəlkə MŞ kənara çəkilib və klubu yeni rəhbərlik idarə edir?
- Buna inanmıram. Biz özümüz rəhbərik, yeni gələnlər bizə tabedir. Yəqin ki, "Kəpəz"lə oyuna qədər iclasımız olar.
