“Neftçi rəhbərliyinə və baş məşqçiyə vaxt verilməlidi ki, komandanı bu vəziyyətdən çıxarsınlar”
"Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qol vurduğu və 2:0 hesabıyla qalib gəldikləri keçmiş komandası üzərində qələbədən sonra bunları söyləyib:
"Azərbaycan çempionatında "Neftçi"nin çox yetirməsi çıxış edir. Mənə elə gəlir ki, həmin uşaqlar indi digər klublarda yox, "Neftçi"də oynasaydılar, komanda yüksək yerlər uğrunda mübarizə aparardı. Özüm də "Neftçi"nin yetirməsiyəm və həmişə bu kluba məni bir futbolçu kimi yetişdirdiyinə görə minnətdar olacağam. Bakılılara qarşı oyunlara xüsusi hazırlaşmıram. Sadəcə, komandama kömək etmək üçün əlimdən gələni edirəm.
Hazırda bu klubda nələrin baş verdiyini bilmirəm. Çünki bu, onların öz daxili işləridir. Hamı ona alışıb ki, "Neftçi" turnir cədvəlinin üst pillələrində olmalıdır. Yəqin ki, hər şeyin əvvəlki kimi olması üçün yeni baş məşqçiyə, rəhbərliyə vaxt vermək lazımdır. Belə olarsa, onlar komandanı indiki vəziyyətdən çıxara bilərlər. Əminəm ki, bu komanda mövsümün ikinci hissəsində daha yaxşı çıxış edəcək.
"Sumqayıt"a gəlincə, hansı pillədə qərarlaşmasından asılı olmayaraq, komandamızda həmişə yerli futbolçular çıxış edib. Heyətdə elə futbolçular var ki, bu mövsüm ilk dəfə Premyer Liqada oyuna çıxıb. Çoxlu gənc futbolçumuz olsa da, hər biri meydanda çox yaxşı təsir bağışlayır".
